Məhkəmə qərarları › İş №3(043)-168/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-168/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-168/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz qızınun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə Gəncə şəhər, Ş.İ.Xətai pr H.Əliyev pr Misirin k, korpus 2, M93 ünvanında qeydiyyatda olan və yaşayan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda X3 xx.xx.2021-ci il tarixdə saat 16:08-də istifadəsində olan Chevrolet AVEO Minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, Türkiyə Respublikasının vətəndaşıdır. Xeyli müddətdir ki, Gəncə şəhərində yaşayır və “Nəzrin” klinikasında kosmetoloq-həkim olaraq işləyir. Azərbaycan dilində danışa və oxuya bilir, danışılanları sərbəst başa düşür. xx.xx.2020-ci il tarixdə günorta saatlarında alış-veriş üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospketində yerləşən “Əminə” marketə getmişdir. İdarə etdiyi “Chevrolet Aveo” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili marketin qarşısındakı duracağa park etmək istədikdə kənarda dayanmış nəzarətçi ona boş yeri göstərərək orada parklaya biləcəyini işarə etmiş, o da avtopmobili həmin boş yerə istiqamətləndirərkən avtomobilin sağ tərəfində olan iki qadının yanından keçmişdir. Avtomobildən endikdə qadınlardan birinin şalvarının ayağını təmizlədiyini görmüş, həmin qadınlar onun ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün orada dayanmayaraq marketə daxil olmuşdur. Növbəti gün onu Gəncə şəhər BPİ-yə dəvət edərək izahatını almışlar. O, avtomobilin kiməsə dəydiyini hiss etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2021-ci il tarixdə saat 16:08 radələrində sürücü X1 hüququ olmaqla ayıq vəziyyətdə özünə məxsus olan etdiyi Chevrolet AVEO Minik markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili Əminə Marketin qarşısında avtomobillərin müvəqqəti duracağında yerləşdirərkən diqqətsizlik edərək piyadaçı xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhər, 5 mkr, Ü.Hacıbəyov küçəsi ev 12, mənzil 26-da yaşayan X5 ehtiyatsızlıqdan vuraraq sonuncunun sol baldır nahiyəsinin yarası qismində yüngül xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Əminə Marketin kamerasından baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü mobil telefon vasitəsilə çəkilərək 1 ədəd DVD diskə köçürülüb materiala əlavə edilmişdir. Həmin görüntüyə baxış zamanı Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Əminə” marketin qarşısında sürücü X6 idarə etdiyi “Chevrolet AVEO” markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili marketin qarşısındakı duracaqda yerləşdirərkən avtomobilin sağ tərəfiilə iki nəfər qadın piyadanın hərəkət etdiyi, sürücünün sağa dönərək avtomobillərin arasındakı boş yerə dönməsi zamanı avtomobilin sağ arxa tərəfi ilə qadınlardan birinə dəydiyi və onu irəliyə doğru atdığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1867 saylı rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət sol baldır nahiyəsinin yarası – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X4 bədəni üzərində müəyyən edilmiş xəsarət yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs Yol Hərəkəti Haqqında Qanunu tələblərini pozaraq manevr qaydalarını düzgün yerinə yetirmədiyindən İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışında X3 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar