Məhkəmə qərarları › İş №3(043)-170/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-170/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-170/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdim: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsi tərəfindən 21 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-nin 100.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilməmişdir. Belə ki, şahidlərin adı, atasının adı, soyadı qeyd edilsə də, onların yaşadığı yerin ünvanı, habelə zərərçəkmiş şəxs haqqında məlumatlar göstərilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və şahidlər haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Həmçinin, inzibati xəta haqqında materialdan görünür ki, inzibati xəta haqqında icraata başlanılması barədə qərar qəbul olunmamış, hüquqi şəxsin nümayəndəsi bu barədə məlumatlandırılmamış, inzibati xəta törədilməsi ehtimal edilən şəxsin nümayəndəsinin izahatı alınmamış və mövqeyi müəyyən olunmamış, şahidlər haqqında və video görüntüyə dair məlumatlar, o cümlədən inzibati xətaya aidiyyətinə dair sənədlər də protokola əlavə olunmamışdır. O, cümlədən inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələbinə uyğun tərtib olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərərçəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Belə ki, İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığından və işə baxılarkən tamamlamaq mümkün olmadığından Dövlət yanğın nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar