Məhkəmə qərarları › İş №3(043)-173/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-173/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-173/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X3 və protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin inspektoru X5 iştirakı ilə, X3 Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X10 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X10 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 göstərdi ki, sözügedən protokol xx.xx.2020-ci il tarixdə (COVİD-19) testindən keçərək Bakı hava limanına getmək üçün Samux rayonundan Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərinə gəlməsinin səbəbi həmin vaxt Samux rayonundan Bakı şəhərinə taksilərin işləməməsi ilə bağlı olmuşdur. Bununla bağlı həmin gün yaşadığı Samux rayonundan Gəncə şəhərinə gəlmiş və taksi ilə Bakı Heydər Əliyev hava limanına gedərkən Gəncə şəhərinin çıxışında quraşdırılmış stasionar postda dövlət yol polisi əməkdaşları avtomobili saxladaraq icazələrinin olub olmamasını soruşmuşdur. O, polis əməkdaşına Moskva şəhərinə uçuşu barədə bileti olduğunu bildirmişdir. Buna baxmayaraq onun barəsində polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq protokola onun iştirakı olmadan baxılmış və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. Protokola baxılması ilə bağlı bildiriş və inzibati tənbeh vermə haqqında qərar ona xx.xx.2021-ci il tarixdə bir zərfdə göndərilmişdir. Hansı ki, zərfdə olan bildirişdə onun protokola baxılması ilə bağlı polisə dəvət olunması tarixi xx.xx.2020-ci il göstərilmişdir. Göründüyü kimi qəbul edilmiş qərar İXM-nin tələblərinin pozulması ilə bağlı qəbul edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati protokol və qərar qanunsuz tərtib edildiyi üçün qərar ləğv edilməlidir. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin inspektoru X7 şikayətə etiraz edərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xüsusi karantin qaydalarını pozduğu üçün barəsində xx.xx.2020-ci ildə inzibati protokol tərtib olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Samux rayonunda qeydiyyatda olmasına baxmayaraq karantin qaydalarını pozaraq Gəncə şəhərinə daxil olmuşdur.Onun Gəncə şəhərinə daxil olmaq üçün hər hansı bir icazəsi olmamışdır. Hava limanına getmək üçün DİN-nin 102 xidmətinə zəng vurub, özünü portalda qeydiyyata salmalı idi. Əks halda hava limanına yaşadığı Samux rayonunun ərazisindən getməli idi. Qərarın əsaslı və qanuni olduğunu göstərərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X10 tərəfindən qəbul olunmuş, xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat inzibati qaydada cərimə olunmuşdur. AZE 13138727 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Qarayeri qəsəbəsində qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli hava yollarına aid elektron uçuş biletinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2020-ci il tarixdə saat 20:45-də Bakı Heydər Əliyev hava limanından X4 şəhərinə uçuşu nəzərdə tutulmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020-ci ilin dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərarının 4-cü bəndində göstərilmişdir ki, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşayış yerini və olduğu yeri tərk etməsinə səbəb onun beynəlxalq uçuşla bağlı uçuş biletinin olması səbəb olmuşdur. Qeyd olunan qərardan da göründüyü kimi şəxsin beynəlxalq uçuş üçün nəzərdə tutulan bileti varsa əlavə olaraq SMS icazə və ya arayış almasına ehtiyac yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X10 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Gəncə şəhər Baş Polis İdarəsi Dövlət yol polis şöbəsinin polis polkovnik leytenantı X10 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar