Məhkəmə qərarları › İş №3(043)-175/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-175/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-175/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 20:50-radələrində H.Əliyev prospektində ucadan ünvansız söyüşlər söyən zaman polis əməkdaşları onu nizam intizama dəvət edən zaman onun qanuni tələblərinə qəsdən tabe olmamış, narkotik maddələrin istifadəçisidir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi polis mayoru X2 protokul məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, oğurluq əməlinə görə tutulmuş, müstəntiqə verdiyi ifadəsində etdiyi əməlləri səmimi olaraq etiraf etmişdir. xx xxxxxx 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Gəncə şəhər prokurorluğuna aparılmış, lakin prokuror təqdimat vermədiyi üçün Gəncə şəhər BPİ-nin müvəqqəti saxlama yerinə qaytarılmışdır. Burada müstəntiq ona bir neçə sənədə imza etdirdikdən sonra çıxıb getmiş, bundan 4-5 dəqiqə sonra da onu müvəqqəti saxlama yerindən azad etmişlər. Müvəqqəti saxlama yerindən bayıra çıxan kimi dərhal polis əməkdaşları onu saxlayaraq yenidən Kəpəz RPİ-yə gətirmiş və barəsində protokol tərtib etmişlər. O, telefonla danışaraq ucadan söyüş söyməmişdir, çünki, ümumiyyətlə həmin vaxt üzərində telefon olmamışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir, lakin nə 08 fevral tarixində, nə də ona yaxın günlərdə narkotik vasitələrdən istifadə etməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili polis leytenantı, X3 ifadəsində bildirdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində, Kəpəz RPİnin yaxınlığında uca səslə telefonla danışıb kiməsə nalayiq ifadələr işlədib ondan gəlməsini tələb etdiyini gördüyü zaman ona yaxınlaşıb sakit olmasını və ictimai qaydaya riayət etməsini bildirsə də, Şəxs ona məhəl qoymayaraq, hərəkətlərini davam etdirmişdir. Buna görə də onu saxlayaraq Kəpəz RPİ-yə gətirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin ifadəsindən də göründüyü kimi Şəxs müvəqqəti saxlama yerindən çıxarkən dərhal saxlanılaraq Kəpəz RPİ-yə gətirilmişdir. Şahid onun həmin vaxt telefonla ucadan nalayiq ifadələr işlətdiyini bildirsə də bu ifadə işin halları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 21:10-da tutulmuşdur. Protokolda Şəxs üzərində aşkar edilmiş əşyalar arasında telefon göstərilməmişdir. Bu isə barəsində icraat aparılan şəxsin ifadəsi ilə üst-üstə düşür və şahidin ifadəsini təkzib edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mülahizələrə əsaslana bilməz və şahidin işin halları ilə ziddiyyət təşkil edən ifadəsi inzibati məsuliyyət üçün əsas ola bilməz. Şəxs isnad edilən digər inzibati xəta isə onun narkotik vasitə istifadəçisi olmasıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, Şəxs narkomaniya xəstəliyi üçün səciyyəvi olan əlamətlər aşkar edilmir. Təfəkkürü, davranışı, emosiyaları və vegetativ sinir sisteminin vəziyyətində patoloji meyllilik (narkotik vasitə aclığı) sindromu əlamətləri aşkar olunmur. Bununla belə rəyin nəticəvi hissəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkomaniya xəstəliyindən əzab çəkdiyi və məcburi müalicəyə ehtiyacı olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət həmin maddənin dispozisiyasına görə real fakt əsasında qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə yaranır. Hazırkı materialdan isə Şəxs bu əməllərdən hər hansı birini real olaraq törətməsinə yox, onun ümumiyyətlə narkotik vasitələrin istifadəçisi olmasına istinad edilmişdir. Şəxsin əvvəllər narkotik vasitədən istifadə etməsi onun İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Belə ki, iş materiallarında sərxoşluq vəziyyətinin müayinəsi aktı olmadığından Şəxs saxlanılan vaxt narkotik vasitədən istifadə edib-etmədiyini, onun narkotik sərxoşluğu vəziyyətində olubolmamasını təyin etmək mümkün deyildir. Digər tərəfdən Şəxs saxlanılmazdan əvvəl 48 saat müddətində Gəncə şəhər BPİ-nin müvəqqəti saxlama yerində olması nəzərə alındıqda onun ümumiyyətlə narkotik vasitədən istifadə etməsi mümkün deyildir. Narkoloji ekspertizanın rəyi isə öz daxilində ziddiyyətli olmaqla, bir tərəfdən şəxsdə narkomaniya xəstələyinin əlamətlərinin olmadığını, digər tərəfdən isə onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını göstərir. Qeyd olunanlar Şəxs əməlində İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmadığını müəyyən etməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şəxsnın hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar