Məhkəmə qərarları › İş №3(043)-176/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-176/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-176/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, ev 29, mənzil 25-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bu protokolu tərtib edirəm ondan ötrü ki, xx.xx.1976-cı il təvəllüdlü, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 mənzil 25 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq Vaqif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə tərəfimizdən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 1310 (bir min üç yüz on) manat aliment borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında yaranmış aliment borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 1300 manat yığılan borc karantin vaxtından yığılan borcdur. Hazırda heç bir yerdə işləmir. Yemək içməklərini nisyə alır. Bu gün və sabah heç bir ödəniş edə bilmir. Fevral ayının sonuna qədər 100-150 manat ödəyə bilər və növbəti aylarda aliment borcundan hissə-hissə ödəyəcəyi barədə tələbkarla razılıq əldə etmişdir və hazırda tələbkarın ondan heç bir şikayəti yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, dəmir yol vağzalında xadiməçi işləyir. Axırıncı səfər dekabr ayında ödəniş etmişdir. 2020-ci ilin oktyabr ayında 70 manat, noyabr ayında 50 manat və dekabr ayında 100 manat vermişdir. 2021-ci ilin yanvar ayında isə pul verməmişdir. Əlavə olaraq məhkəməyə yazılı ərizə verərək, borclu Şəxs ilə barışmış və yığılmış aliment borcunun hər ay hissə-hissə ödəniləcəyi barədə razılığa gəlinmişdir. Hazırda şikayət və tələbləri olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-920/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs Eidəniz qızının xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(043)- 819/2016 saylı qətnaməsi ilə hər ay müəyyən olunmuş 117 (bir yüz on yeddi) manat aliment dəyişdirilərək, cavabdeh Şəxs hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs Eidəniz qızının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 920/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədi əsasında xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, məhkəmə iclasında tələbkar və borclu öz aralarında razılıq əldə olunması barədə məhkəməyə ərizə vermiş, tələbkar şikayət və tələbinin olmadığını, borclu barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar