Məhkəmə qərarları › İş №3(043)-18/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-18/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-18/2021 11.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonunda qeydiyyatda olan və Gəncə şəhəri, Natəvan qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-850/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140(bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək yaranmış 1160 (bir min bir yüz altmış) manat aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu sonuncu izahatında yığılmış aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, tələbin könüllü icrası barədə bildirişi və xəbərdarlığı şəxsən almışdır. 2020-ci ilin dekabr ayında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat birliyində bir ay müddətində işləmiş 254 manat əmək haqqı almışdır, hazırda heç bir yerdə işləmir. Pandemiya ilə əlaqədar 190 manat bir dəfəlik müavinət almış və öz tələbatına xərcləmişdir. Sonuncu dəfə aliment borcundan 2020-ci ilin avqust ayında ödəniş etmişdir. Heç bir yerdə işləmədiyi və maddi imkanı olmadığı üçün aliment borcundan bu müddət ərzində heç bir ödəniş etməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə növbəti aylarda azda olsa aliment borcundan ödəniş edə bilər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu sonuncu dəfə ona 2020-ci ilin avqust ayında ödəniş etmiş, keçən bu müddət ərzində borclu Şəxs uşağı ilə maraqlanmamış, uşağın xəstə olmasına əhəmiyyət verməmişdir. Hazırda ona uşağı xəstə olduğu üçün təcili pul lazımdır, dərmanlara və yeməyinə pul çatdıra bilmir. Heç bir yerdə işləmir və maddi imkanı yoxdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədi üzrə 1160 (bir min bir yüz altmış) manat borcu yaranmış və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, X1 üçün hər ay 140 (bir yüz qırx) manat aliment borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulması və borclu tərəfindən icra edilməməsi nəticəsində 1160 (bir min bir yüz altmış) manat aliment borcu yığılmışdır. Yığılmış aliment borcunun məbləğindən məlum olur ki, borclu tərəfindən doqquz aya yaxın müddətdə aliment ödənilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun icra etməsini, məhkəmə qətnaməsinin və aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərir. Belə ki, iş materiallarından aydın olur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 850/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan 70 (yetmiş) manat təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və İnzibati həbsə alınmanın əvvəli X5 qəbul edildiyi saatdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X5 qəbul edildiyi vaxtdan hesab edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin X5 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar