Məhkəmə qərarları › İş №3(043)-180/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-180/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-180/2021 15.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Volkswagen Tiguan markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, protokolu Gəncə şəhər BPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Anar Babayevin raportu əsasında toplanmış materiallarla əlaqədar tərtib etmişdir. Toplanmış materiallarla, o cümlədən videogörüntülərlə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Volkswagen Tiguan markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən manevr qaydasını pozaraq 1.3 nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət zolağına daxil olmuşdur. Bunun ardınca Ş.İ.Xətai prospekti ilə Abbas Səhhət küçələrinin kəsişməsində arxasınca gələn yol patrul xidməti avtomobilinin “saxla” göstərişinə əməl etməyərək svetoforun qırmızı işığında hərəkəti davam etdirmiş, daha sonra avtomobili yüksək sürətlə idarə edərək Ş.İ.Xətai prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində 1.3 nişanlanma xəttini kəsərək avtomobili tam şəkildə əks istiqamətli hərəkət zolağına keçirmiş və əks istiqamətli hərəkət zolağından svetoforun qadağanedici işarəsinə baxmayaraq sağa, Azərbaycan Bayrağı küçəsinə dönmüşdür. Şəxs hərəkətləri ictimai qaydanın və əhalinin dincliyinin pozulmasına səbəb olmuş, ətrafdakılar üçün təhlükə yaratmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş, yol hərəkəti qaydalarının mütəmadi pozulması ilə müşayiət olunmuşdur. Buna görə də onun Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə evlərində xəstə olduğu üçün tələsik olaraq evə getməli olmuşdur. Buna görə də sürücülük hüququ olmasa da anasına məxsus olan Volkswagen Tiguan markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışdır. Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən yolda aparılan qazıntı ilə əlaqədar yolda tıxac olduğu üçün avtomobillə qismən qarşı hərəkət zolağına çıxmışdır. Ş.İ.Xətai prospekti ilə A.Səhhət küçələrinin kəsişməsində svetoforun qırmızı işığında yol patrul xidməti avtomobilini gördükdə polisin onu saxlayacağını bildiyi üçün hərəkətini davam etdirmiş, daha sonra isə Azərbaycan Bayrağı küçəsinə dönərək evə getmişdir. Yol hərəkət qaydalarını pozsa da məqsədi avtoxuliqanlıq etmək olmamış, evdə xəstə olduğu üçün evə tez çatmaq istəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərə baxış keçirilərkən Volkswagen Tiguan markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən üç dəfə ardıcıl olaraq 1.3 nişanmlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxdığı və bu zaman digər avtomobillər üçün qəza vəziyyəti yaratdığı, iki dəfə svetoforun qadağanedici işarəsində yolayrıcını keçdiyi, sağa dönməzdən əvvəl sağ kənar zolağı tutmalı olduğu halda əks istiqamətli hərəkət zolağına çıxaraq oradan sağa döndüyü, bütün bu qayda pozuntuları zamanı arxasınca gələn və ona “saxla” işarəsi verən polis əməkdaşının qanuni tələbini yerinə yetirmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Şəxs yol hərəkəti qaydalarını ardıcıl surətdə pozmaqla aşkar surətdə ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol vermişdir. Şəxs İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntülərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx xxxxxx 2021-ci il saat 13:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar