Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-184/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup əlil, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, Gəncə çay ərazisi məh-f, sahə 1ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN 10546881 nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirdi ki, xx.xx.1991-ci il Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, Gəncə çay ərazisi Məh-f sahə-1 ünvanında yaşayan Şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-583/2021 saylı, 09.06.2021-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmışdır. Bu günə kimi borcundan cəmi 150 manat ödəniş etmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 2650 (iki min altı yüz əlli) manat aliment tələbi ilə bağlı borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, 2-ci qrup əlildir və ayda 180 manat pensiya alır. O, tələbkar Zərərçəkmiş şəxs 2 dəfə 50 manat pul göndərmişdir. Ona icra məmuru tərəfindən xəbərdarlıqlar və bildirişlər təqdim edilmişdir. Hazırda pensiyası dayandırılmış, daimi olaraq pensiya təyin olunduqdan sonra aliment borcunu vaxtı-vaxtında ödəyəcəkdir. Belə ki, pensiya kartını tələbkara verəcəyini icra məmuruna demişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu heç bir ödəniş etmir və uşaqlarına baxmır, onlarla maraqlanmır yalnız öz istirahəti ilə məşğuldur. Borclu Araq almağa pul tapır, aliment verməyə pul tapmır?. Odur ki, aliment borcu olan 2650 manat pulu tələb edir və borclu Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədi üzrə 2650 (iki min altı yüz əlli) manat borcu yaranmış və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-583/2021 saylı, 09.06.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 18 aprel 2010-cu il tarixdə anadan olmuş X2 və 14 mart 2013-cü il tarixdə anadan olmuş X1 üçün 20.11.2020-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla cəmi, 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş və borclu tərəfindən icra edilməmə nəticəsində 2650 manat borcu qalmışdır. Borcun məbləğindən məlum olur ki, borclu tərəfindən uzun müddətdə icra sənədində göstərilən borc məbləğindən heç bir ödəniş edilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmamış və məhkəmə qətnaməsinin və öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-583/2021 saylı, 09.06.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 18 aprel 2010cu il tarixdə anadan olmuş X2 və 14 mart 2013-cü il tarixdə anadan olmuş X1 üçün 20.11.2020-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 100(yüz) manat olmaqla cəmi, 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, Elektron Məhkəmə sistemindən çıxarılmış Şəxs pensiya məlumatından görünür ki, Şəxs İİ qrup əlilliyə görə 180 manat müavinət alır. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Tərəflərin ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ikinci qrup əlil olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2.-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və ikinci qrup əlil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(043)-184/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-184/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver