Məhkəmə qərarları › İş №3(043)-186/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-186/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-186/2021 01.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X9 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X7 oğlu tərəfindən qəbul edilmiş 13 noyabr 2020-ci il tarixli, 01400/1446 nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi BGİ-nin rəis müavini X7 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 13 noyabr 2020-ci il tarixli, 01400/1446 nömrəli qərara əsasən X9 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 15909 manat dəyərində mallarının dəyərinin 50 faizi, yəni 7954,50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan narazı qalan X9 oğlu şikayət verərək, 13 noyabr 2020-ci il tarixli qərarın ləğv edilərək, inzibati tənbeh tətbiq edilməsinə əsas olmuş 45 ədəd kompyuter disklərinin, 2 ədəd mobil telefonun və 1 ədəd qaz tapancasının müsadirə edilməklə barəsində olan inzibati tənbeh olaraq cərimə tətbiq edilməsinə dair inzibati tənbehə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalnadırılmışdır ki, 19.09.2020-ci il tarixdə saat 17 radələrində Rusiya Federassiyası istiqamətindən «Samur» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olarkən avtomobilinin kabinasından yataq yerinin altından ailə üzvləri üçün 2 ədəd İphone və Black GB markalı mobil telefonu, həmçinin bir ədəd qaz tapancası və 45 ədəd yazılı diskləri keçirmişdir. Gömrük rəsmiləşməsi qaydalrım və bəyannamə qaydaların pozduğundan həmin əşyalar ondan götürülərək rəsmiləşdirilmişdir. İş üzrə aşkar edilmiş kompüter diskləri əsassız olaraq 10000 manatdan artıq olaraq qiymətləndirilmişdir ki, bu günkü gündə açıq bazarda həmin disklərin dəyəri 450 manat təşkil edir, yəni birinin dəyəri 10-15 manatdır. Həmçinin həmin disklərin dövlət nəfinə müsadirə edilməsinə heç bir etirazı yoxdur . Ondan aşkar edilərək götürülmüş 2 ədəd mobil telefonun və qaz tapancası müsadirə edilmiş və inzibati xəta ilə bağlı ona Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddəsi ilə irəli sürülmüş inzibati tənbehi qanuni hesab etmir. Çünki o, həmin əşyaların ümumiyyətlə müsadirə edilməsini bildirsə də həmin əşyalar ondan alınaraq müsadirə edilməmişdir. Qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən həmin mallar ya müsadirə edilməli ya da ki, ondan inzibati tənbehlə bağlı cərimə tətbiq edilməlidir. Bu baxımdan o həmin malların müsadirə edilməsinə razılığı olduğu təqdirdə ona cərimə tətbiq edilməsi hissəsində əsaslı hesab etmir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 3(043)-186/2021 saylı 09.04.2021-ci il tarixli qərarına əsasən (hakim T.Qocayev) X9 oğlunun şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası İXM-in 480 və 482.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X7 oğlu tərəfindən qəbul olunmuş 13 noyabr 2020-ci il tarixli, 01400/1446 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi apelyasiya şikayət verərək, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 3(043)-186/2021 saylı 09.04.2021-ci il tarixli qərarının ləğv edilməsini, şikayətin təmin edilməməsini və Şimal Ərazi Baş Gömrük İdarəsinin 13.11.2020-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 3(104)-213/2021 saylı 27.05.2021-ci il tarixli qərarına əsasən (hakim E.Xasməmmədov) şikayət təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 3(043)-186/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bir tərəfdən vəzifəli şəxsin cərimə tətbiq etməsini səhv qərar kimi qeyd etmiş və maddənin sanksiyasına uyğun olaraq malların müsadirəsi tənbehin müzakirə edilməli olması qənaətinə gəlmiş, digər tərəfdən isə müsadirə növündə tənbehin vəzifəli şəxsə aid olmamasını nəzərə almadan işi yenidən baxılması üçün vəzifəli şəxsə qaytarmışdır. Halbulki, müsadirə tənbehi məhkəmənin səlahiyyətinə aid olan inzibati tənbehdir və məhkəmə bu tənbeh növünü özü də müzakirə edərək qərar qəbul edə bilərdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X5 vəzifəli şəxsin inbati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olduğunu qeyd edərək, həmin qərarın qüvvədə saxlanılması, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayət vermiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə şikayəti verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi BGİ-nin rəis müavini X7 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 13 noyabr 2020-ci il tarixli, 01400/1446 nömrəli qərar dəyişdirilməlidir. Belə ki, məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X3 idarə etdiyi avtomobildə bəyan edilməmiş, telefonlar, kompüter diskləri və qaz tapancası Şimal Ərazi BGİ-nin əməkdaşı tərəfindən aşkar olunmuş, X1 müraciət edərək ondan götürülmüş əşyaların gömrük rəsmiləşdirilməsi üçün müvafiq icazə sənədlərinin olmadığını, buna görə də həmin əşyalardan dövlət nəfinə imtina etdiyini bildirmiş, səlahiyyətli şəxs tərəfindən onun barəsində İXM-nin 480 və 482.1-ci maddələri ilə protokol tərtib edilmiş, həmin protokol əsasında Şimal Ərazi BGİ-nin rəis müavini X7 oğlu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarla Elçin Xudiyev İXM-nin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Elçin Xudiyev, barəsində qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şikayət vermiş şəxs inzibati xəta haqqında qərarı yalnız ona təyin edilmiş inzibati tənbehin növünə dair hissədə mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21.1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında icraat zamanı X6 əşyaların dövlət nəfinə müsadirə edilməsinə razı olduğu, xüsusilə də həmin əşyaların gömrük rəsmiləşdirilməsi üçün rəsmi icazə sənədlərinin olmadığını bildirsə də, onun bu izahatına heç bir qiymət verilməmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbehlərdən məhz inzibati cərimənin tətbiq edilməsinin səbəbləri əsaslandırılmamışdır. Halbuki, E.Xudiyevin təqsirli bilindiyi maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin müsadirə edilməsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilməsi göstərilmişdir. Bu baxımdan sanksiyaların maddədə sıralanma ardıcıllığına diqqət yetirdikdə ilk növbədə malların və nəqliyyat vasitələrinin müsadirə edilməli olması, yaxud işin hallarına görə cərimə tətbiq edilməsinin nəzərdə tutulduğu müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.2.1-135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.3-135.1.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyət kəsb edən halların sübuta yetirilməməsi, inzibati məsuliyyəti müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi BGİ-nin rəis müavini X7 oğlu tərəfindən qəbul olunmuş 13 noyabr 2020-ci il tarixli, 01400/1446 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddərində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, ondan aşkar olunaraq götürülmüş qutusu və aksessuarları (qulaqcıq və adapter) ilə birlikdə 1 (bir) ədəd “İphone 11 Black 64GB” markalı, 1 (bir) ədəd qutusu və aksessuarları olmayan “İphone 11 64GB” markalı mobil telefonlar, 45 (qırx beş) ədəd “Microsoft Corporation” yazılı disklər və qaz balonu ilə birlikdə 1 (bir) ədəd “ПM49 CAL 177 4,5 mm” yazılı, 15C11006 nömrəli metal tapança, 7 (yeddi) ədəd “Borner” yazılı qaz balonu, 1 (bir) ədəd tapança darağı və 500 ədədli 1 ədəd plastik qabda “Borner Premium” yazılı tapança kürəcikləri dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar