Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-187/2021 12.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X3 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X3 İdarəsinin (bundan sonra- X3 İdarəsi) rəisi X1 tərəfindən qəbul olunmuş 02.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Tasdemır Ali tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 İdarəsinin rəisi X1 tərəfindən 02.02.2021-ci il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarla Tasdemır Ali Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 575.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan Tasdemır Ali şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 02.02.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsinə əsasən 300 manat cərimə olunmuşdur. Qeyd olunan inzibati hüquq pozuntusunu törətməsində onun hər hansı bir təqsiri yoxdur. Belə ki, 2019-cu ilin fevral ayından Azərbaycan Respublikası ərazisində yaşayır. Bu müddət ərzində hər hansı inzibati və cinayət hüquq norması pozmamışdır. 2019-cu ilin mart ayından Gəncə şəhərində yaşamaqla elektrik və qaynaqçı kimi fəaliyyət göstərir. Gəncə şəhərində yaşayan azərbaycanlı qadınla ailə həyatı qurmuşdur. Hal-hazırda evliliyindən bir övladı dünyaya gəlmişdir. Etibarsız sənədlərlə Azərbaycan Respublikası ərazisində olmağına və yaşamağına səbəb ailəsini qoruması olmuşdur. Belə ki, 27.09.2020-ci il tarixdə vətən müharibəsi başladıqdan sonra erməni qəsbkarlarının Gəncə şəhərinə raket atması nəticəsində ailəsi ilə birgə Ağstafa rayonuna getmişdir. Özü isə A Haber Globalın müxbirinin köməkçisi olmuşdur. Müharibə dövründə çəkilişlərdə iştirak etmişdir. 10.11.2020-ci il tarixdə müharibə bitdikdən sonra isə fəaliyyətini Ağdam rayonunda davam etdirmişdir. Onun Azərbaycan Respublikasında qalma müddəti 16.11.2020-ci ildə bitmişdir və 19.11.2020-ci il tarixdə bununla bağlı müvafiq quruma müraciət etsə də onlar icazə müddətinin bitdiyini və cərimə olunduğunu bildirmişlər. Belə ki, onun icazə müddətini ötürməsi üzürlü səbəbdən olmuşdur. Hansı ki, müharibə dövründə aparılan video çəkilişlərdə xidməti ilə əlaqədar olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Qərarından şikayət verilmiş X3 İdarəsinin nümayəndəsi X4 göstərdi ki, şikayət vermiş şəxsin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti 16.11.2020-ci il tarixdə bitmişdir. Həmin günə qədər şikayət vermiş şəxs müraciət etsəydi ona yeni icazə vəsiqəsi verilərdi. Belə ki, pandemiya və müharibə ilə bağlı olaraq sonuncu gün belə müraciət etsəydi onun müraciəti nəzərə alınacaqdı. Ona görə də şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- 02.02.2021-ci il tarixli, MN 028225 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Tasdemır Ali Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan MYİ ******* nömrəli Azərbaycan Resublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Tasdemır Alinin Azərbaycan Respublikasında qalma müddəti 16.05.2020-ci il tarixdən 16.11.2020-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan Gəncə regional “ASAN” xidmət mərkəzinin 8 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Türkiyə Cümhuriyyətinin vətəndaşı Ali Taşdemir (Ali Tasdemir) 2020-ci il 24 noyabr tarixində saat 09:56-da Mərkəzə gələrək, G008 sıra növbəsi ilə (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin göstərilməsi üçün) Mərkəzdə fəaliyyət göstərən “Miqrasiya xidməti”nə müraciət etmişdir. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Ali Taşdemirin hərəkətlərində inzibati xəta tərkibi olmadığından X3 İdarəsinin rəisi X1 tərəfindən 02.02.2021-ci il tarixdə qəbul olunmuş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 575.1.2-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni, etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. A.Taşdəmir tərəfindən verilmiş şikayətdən görünür ki, tərəfindən vaxtında müraciət edilməməsinin səbəbi Vətən Müharibəsi zamanı A Haber Qlobalın əməkdaşlarına köməklik etməsi olmuşdur. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi A.Taşdəmirin 10 noyabr 2020-ci il tarixdə müharibə başa çatdıqdan sonra 16 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması barədə müvafiq orqana müraciət etmək imkanının olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, müharibənin 10 noyabr 2020-ci il tarixdə başa çatmasına baxmayaraq ölkədə elan edilmiş hərbi vəziyyət qalmaqda davam etmişdir. A.Taşdəmir müharibə bitdikdən sonra fəaliyyətini Ağdam istiqamətində davam etdirdiyini bildirmişdir. Qeyd etmək zəruridir ki, 44 gün müddətində davam edən “Vətən Müharibəsində” Türkiyə Cümhuriyyəti hər zaman Azərbaycan Respublikasının yanında olmuş və dəstəkləmişdir. Türkiyə Cümhuriyyətinin bu mövqeyinin davamı olaraq qardaş ölkənin media qurumları da Azərbaycan Respublikasında olmuş və burada baş verənləri dünyaya çatdırmışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, müharibə başa çatdıqdan sonra da media qurumları öz fəaliyyətini davam etdirmişdir. Bundan başqa A.Taşdəmirin həqiqətən də X6 Xidmət Mərkəzinə gedərək müvəqqəti yaşamaq icazəsinin uzadılması ilə bağlı 24.11.2021-ci il tarixdə müraciət etməsi iş materiallarında olan Gəncə Asan Xidmət Mərkəzinin məktubu ilə öz təsdiqini tapmışdır. İXM-in 12-ci maddəsinə əsasən təqsirin 2 forması vardır: Qəsd və ehtiyatsızlıq İXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Nəzərə almaq lazımdır ki, İXM-in 12-ci və 13-cü maddələrində inzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinin anlayışı verilmişdir. Yəni hər hansı bir xəta qəsdən və ya ehtiyatsızlıqdan törədildiyi halda şəxsin inzibati məsuliyyətindən danışmaq olar. İXM-in 575.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta qəsdən törədilən inzibati xətadır. İXM-in 13-cü maddəsinə əsasən qəsdin 4 əlamətini fərqləndirmək olar: a) əməlin hüquqa zidd xarakterinin dərk edilməsi; b) əməlin zərərli nəticələrinin qabaqcadan görülməsi; c) əməlin zərərli nəticələrinin baş verməsinin arzu olunması, d) belə nəticələrin baş verməsini arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verilməsi. Əməlin hüquqa zidd xarakterinin dərk edilməsi inzibati xətalar qanunvericiliyi ilə qorunan ictimai münasibətlərin, yəni inzibati xətanın obyektinin və obyektiv cəhətinin elementlərinin dərk edilməsi üzrə idrak fəaliyyətidir. Əməlin zərərli nəticələrinin qabaqcadan görülməsi dedikdə, təqsirkar tərəfindən hərəkət və ya hərəkətsizliyin inzibati xətalar qanunvericiliyi ilə qorunan ictimai münasibətlərə qəsd etməsi və onda baş verəcək zərərli dəyişikliyin dərk olunması başa düşülür. Qəsdin bu əqli momentinin predmetini hüquqa zidd əməlin real nəticəsi təşkil edir. Qəsdən edilən əməllərdə nəticənin baş verməsi imkanı real olmalıdır, yəni nəticənin baş verməsi imkanı konkret əməlin qanunauyğun nəticəsi olmalıdır. A.Taşdəmirin şikayətinin dəlilləri, eləcə də tədqiq edilmiş sübutlar onun müvəqqəti yaşamaq icazəsinin uzadılması üçün vaxtında müraciət etməməsinin özündən asılı olmayan səbəblərdən baş verdiyini təsdiq edir. Məhkəmə qeyd edir ki, şəxs təqsirsiz olaraq törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ali Taşdəmirin şikayəti təmin edilməli və onun barəsində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X3 İdarəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 02.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Ali Taşdəmirə inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X3 İdarəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 02.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Ali Taşdəmirin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-187/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-187/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver