Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-189/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlunun sədrliyi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin məhkəmə iclas katibi Həsənov Mətin Həsən oğlunun katibliyi və şikayətçi X1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, şikayətçi X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 25 fevral 2022-ci il tarixli, MN №1066184 saylı inzibati xəta haqqında qərarından şikayət ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 barəsində 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 25 fevral 2022-ci il tarixli MN №1066184 saylı inzibati xəta haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-nin rəis əvəzi X2 tərəfindən barəsində 25.02.2022-ci il tarixində MN №1066184 saylı inzibati qərar qəbul edilmiş və AR İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Halbuki o, qayda pozuntusu törtməmişdir. Belə ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onun barəsində qərəzli olaraq qanunsuz protokol tərtib etmişdir. Onun qayda pozuntusu heç bir sübutla təsdiq olunmur. Hesab edir ki, qərar qərəzli, qanunsuz və tam əsassız olduğuna görə şikayət üzrə məhkəmə qaydasında baxılmalı, əməlində heç bir inzibati xəta olmadığı üçün qərar ləğv edilərək icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, 23.02.2022-ci il tarixində dostu Sübhan Hüseynovla birlikdə öncədən planlaşdırılmış halda, Samux rayonu ərazisində Gəncə çayının sahilində yerləşən torpaq sahələrində mövsümü əkin əkilməsi üçün torpaq sahələrinə baxmağa getmişlər. Gedəcəkləri yolun narahat olması səbəbindən etibarnamə əsasında idarə etdiyi “Mitsubishi L200” markalı avtomaşınla Gəncə çayının sağ və sol ətrafındakı torpaqlara baxış edib qayıdarkən, Samux rayonu, Hacıalılar kəndinin yaxınlığında yolu göy rəngli “Niva” markalı avtomaşın bağlamışdır. Avtomaşında olan 2 nəfər şəxsdən biri əvvəllər tanıdığı Korçay dövlət qoruğunun əməkdaşı Yusif adlı şəxs olmuş, digər şəxsi isə tanımamışdır. Bundan sonra Yusif ona yaxınlaşıb “hal-hazırda ərazidə monitorinq keçirirlər və yasaxlıq ərazidə silahını sökülü halda və öz qabında daşınmadığı üçün 50 manat cərimə yazmalıdır”-demişdir. Sonra silahlarını üzərilərində (maşında) olması, ərazidə özlərini yırtıcı heyvanlardan qorumaq və müdafiə üçün götürmüşlər. Lakin silahın anbarında nə patron olmuş, nədə ki, silah hazır vəziyyətə gətirilməmiş, həmçinin həmin silahlardan atəş açılmamışdır. Eyni zamanda bildirmişdir ki, qərarda qeyd olunur ki, guya “qadağan olmuş yerdə ov etmə faktı var” O, yolda hər hansı bir qadağanedici nişanı görməmiş, qadağan olunan əraziyə keçmək üçün qanunvericiliyin tələbinə görə heç bir nəzarət buraxılış məntəqəsi, qadağan zona barədə lövhədə hər hansı bir məlumat və s. məlumatlandırıcı bir yazı olmamışdır. Həmin ərazinin qanunla qorunan qoruq olmaması barədə məlumatı olmuşdur. Yusif monitorinq səbəbilə, silah qabda olmamasına görə ona 50 manat cərimə yazmalı olduğunu, sonrada şəxsiyyət vəsiqəsinin şəklini axşam vatsapa-telefona göndərməsini ondan xahiş etmişdir. Digər tərəfdən əgər ov qaydalarının pozulması ilə icraat başlamışdırsa, nəqliyyat vasitəsinə baxış haqqında protokolu və əşyaların götürülməsi haqqında protokol tərtib olunmamış, eyni zamanda digər tərəfdən əgər ov qaydalarının pozulması ilə icraat başlamışdırsa, nəqliyyat vasitəsinə baxış haqqında protokolu və əşyaların götürülməsi haqqında protokol da tərtib edilməmişdir. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir və müvafiq protokol yerində tərtib olunur. Bildirmişdir ki, həmin protokolu tərtib edərkən, onun iştirakı təmin edilməmiş, protokolla tanış olmadığı, öz iradını və etirazını bildirmədiyi halda qanunsuz və əsassız olaraq barəsində inzibati protokol yazılmışdır. Daha sonra 50 manat cəriməni ödəmək üçün 02.03.2022 il tarixdə Gəncə şəhərində yerləşən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-nə gedərək protokolu götürməyə gedəndə, bildirmişlər ki, barəsində 1000 manat cərimə yazılmış və qərar yaşadığı ünvana göndərilmişdir. Onun inzibati protokolun yazılmasından xəbəri olmamış və həmin protokol ona rəsmi qaydada təqdim olunmamış, inzibati işin baxılması barədə bildiriş rəsmi təqdim edilməmiş, nə də ki, inzibati qərar vaxtında verilməmişdir. Yalnız regional idarəyə özü gedəndə məlum olmuşdur ki, artıq barəsində qərar verilmiş və həmin qərar poçtdan geri qayıtmışdır. Daha sonra təkrarən araşdırılmış, Samux rayonunda yaşaması məlum olduğunda qərarı həmin ünvana göndərmişlər. Bundan sonra o, Samux rayon poçtundan qərarı götürüb onunla tanış olmuşdur. Yuxarıda qeyd olunan məsələ ilə bağlı bildirmişdir ki, inzibati orqan qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, inzibati icraatın aparılma, prossesual normalara zidd, AR İXM tələblərinə riayət etmədən barəsində qanunsuz və əsassız olan əlverişsiz inzibati akt tərtib edildiyindən, bu qərarla razılaşmamışdır. O, inzibati xəta törətməmiş, ov etməmiş, həmçinin ovla bağlı inzibati protokol tərtib olunmadığından, ovun olma faktı sübut olunmadığından, qanunsuz olaraq inzibati orqan ona 1000 manat cərimə yazmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edilən şəxsin müdafiəçisi Vəkil çıxışında göstərdi ki, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-si tərəfindən qəbul edilmiş qərar üzrə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, İlkin Əsgərov 10 saylı Regional Ekologiya və Təbii Sərvtlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən qadağan olunmuş ərazidə olmamış, faktiki özünə məxsus silahın avtomaşının arxa hissəsində olmaqla, heç bir ov etməmiş, belə bir niyyəti olmamış, habelə idarənin əməkdaşları tərəfindən aldadılaraq, guya nazirlik əməkdaşlarının ərazidə reyddə olması səbəbilə formal olaraq görüntü xatirinə ona 50 manat cərimə yazılacağını bildirərək bu barədə izahatını sonradan özləri dolduracaqlarını bildirib boş vərəqəyə qol çəkdirmişlər. əslində isə İlkin Əsgərov 23 fevral 2022-ci il tarixdə atasına məxsus Samux rayonu ərazisində yerləşən torpaq sahəsinə baxmaq və oradakı təsərrüfat işlərini həll etmək üçün getmişdir. Odur ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibinin olmadığından, buna dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı RETSİ-si tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından 25 fevral 2022-ci il tarixli MN №1066184 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayda məlumat verilməsinə baxmayaraq həmin qurumun nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, şikayətçinin izahatını, müdafiəçinin çıxışını dinləyib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 25 fevral 2022-ci il tarixli MN №1066184 saylı inzibati xəta haqqında qərar ləğv edilməli və X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilsin. Belə ki, iş materiallarında olan 25 fevral 2022-ci il tarixli, MN №1066184 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi maddəsi ilə təqsirli bilərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsinə alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, 25 fevral 2022-ci il tarixdə tərtib edilmiş MN №1066184 saylı inzibati xəta haqqında qərarda X1 hansı hərəkətlə konkret hansı pozuntuya yol verməsi, bu hal nə ilə sübut olunması dəqiq göstərilməmişdir. Bundan başqa X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi hər hansı bir sübutla təsdiq olunmur. Eləcə də, qeyd edilən protokol üzrə heç bir araşdırma aparılmadan 25 fevral 2022-ci il tarixli, MN №1066184 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolun və qərarın qanuniliyi və əsasslığı ilə bağlı sübutları təqdim etmək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən xahiş olunmuş və bu məqsədlə məhkəmə iclası təxirə salınmışdır. Lakin 30 mart 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı mübahisələndirilən qərarın və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsasslığına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həm inzibati xəta haqqında protokolda həm də inzibati xəta haqqında qərarda inzibati xəta törətməsi təsdiq edən sübutlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublkası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 25 fevral 2022-ci il tarixli MN №1066184 saylı inzibati xəta haqqında qərar ləğv edilməli, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən çıxarılmış 25 fevral 2022ci il tarixli MN №1066184 saylı inzibati xəta haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-189/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-189/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver