Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-195/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu Çingiz Çuvarlı küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahatında bildirdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7251/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx xxxxxxx 2017-ci il tarixdən hər ay 220 manat aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs ümumi borcdan 200 (iki yüz) manat ödəniş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq tərəflərindən təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Bugünkü tarixdə Şəxs yenidən İdarəyə dəvət edilmiş, 7600 (yeddi min altı yüz) manat borcun tam şəkildə ödənilməsi tələb edilmiş, lakin o, izahatında borcundan heç bir ödəniş edə bilmədiyini və maddi imkanının olmadığını bildirmişdir. İcra sənədi üzrə borc hal hazırda 7400 (yeddi min dörd yüz) manat təşkil edir. Məhkəmə tərəfindən vaxt verildiyi müddət ərzindən 1000 manat borcundan ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, heç bir yerdə işləmir. 2020-ci ilin noyabr ayında 200 manat ödəniş etmişdir. 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında pandemiya və xəstə olması ilə əlaqədar ödəniş edə bilməmişdir. 2021-ci ilin fevral ayında isə aliment borcundan 1000 manat ödəniş etmişdir. Hər ay 200-250 manat ödəniş edə biləcəyini bildirdi. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üzrlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-7251/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx xxxxxxxx 2012-ci ildə doğulmuş X2 və xx xxxxxx 2013-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər bir uşağa 110,0 (bir yüz on) manat olmaqla, iki uşağa görə cəmi 220,0 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Qurbanova (Əsgərova) Rəqsanə Bəxtiyar qızının xeyrinə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 7251/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi əsasında xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətin görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə 300 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxs hesabına ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş ambulator, stasionar xəstənin tibb kartasının çıxarışından görünür ki, Şəxs “L3 fəqərənin kompression sınığı sol daban sümüyünün sınığı” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında təqdim edilmiş ödəniş qəbzlərdən görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tələbkar Zərərçəkmiş şəxs bank hesabına 2021-ci ilin fevral ayında 1000 manat pul ödəmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şəxslər də izahatlarında bu xüsusatı təsdiq etmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmış, “Covid-19” pandemiyası və xəstəliyi ilə əlaqədar son ödənişlərdə gecikdirmələr etmişdir. Bundan başqa, protokola əlavə edilmiş sənədlərdən görünür ki, icra icraatı zamanı borclunun əmlakı barədə müvafiq qurumlara sorğular verilmiş, onun adına daşınar və daşınmaz əmlakların olmaması, pensiya və sosial müavinət almaması, banklarda pul vəsaitinin olmaması müəyyən edilmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-195/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-195/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver