Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-199/2021 17.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2021ci il tarixdə saat 01 radələrində tanışı X6 ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən X3 məxsus evin həyətindən 85 manat dəyərində su mühərrikini və nasosunu və 10 manat dəyərində olan elektrik naqillərini oğurlamışdır. xx.xx.2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2021ci il tarixdə saat 03 radələrində Gəncə şəhəri, 5-ci mikrorayonda yerləşən X1 məxsus evin həyətindən 85 manat dəyərində elektrik naqillərini, su nasosunu və hidrofonunu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokollarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. Oğurladığı əşyaları qonşusuna 30 manata satmışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 məxsus 85 manat dəyərində 1 ədəd su nasosunun və 1 ədəd su hidrofonunun və 10 manat dəyərində elektrik naqilinin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ İTB-nin təhqiqatçısının xx xxxxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 məxsus 85 manat dəyərində elektrik naqillərinin, su nasosunun və hidrofonunun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə 13:00-da inzibati qaydada tutulmuşdur. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və barəsində tərtib edilmiş protokollarla və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, protokollarda qeyd edilmiş inzibati xətalara dair işlərə baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətalardan birinin bir qrup şəxs tərəfindən törədilməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xətaların xarakterini, sayını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxx 2021-ci il saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-199/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-199/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver