Məhkəmə qərarları › İş №3(043)-202/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-202/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-202/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, qərarı tərtib etmiş Gəncə şəhər X15 X14 Xidmətinin inspektoru, polis serjantı Nümayəndə və qərardan şikayət verən şəxs X3 iştirakı ilə, Gəncə şəhər X15 X14 Xidmətinin inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə ünvan 1 ünvanında yaşayan xalası X5 ağır vəziyyətdə olduğu üçün telefon zəngi almış və tələsik oraya getmək üçün 8103 xidmətindən 2 kodu yazaraq icazə almışdır. İcazə aldığı vaxt yaşı ilə əlaqədar olaraq gözünün zəifliyi nəticəsində şəxsiyyət vəsiqəsinin nömrəsinin AZE № 17016824 əvəzinə AZE № 17026824 yazmış, icazə aldığı vaxt: 11:44 olmuşdur. O yuxarıda göstərdiyi ünvana gedən vaxt postda Gəncə şəhəri, Nizami küçəsi, 81-in qabağında onu yoxlamışlar və onun icazəsinin düzgün olmaması haqda bildirib ona yazılan cərimə protokolunun № 1XP3690856 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsaslanaraq 200 manat cərimə yazmışlar. O postda duran polis əməkdaşlarına gözünün zəif görməsi və xalasının ağır vəziyyətdə olduğuna görə icazəni tələsik alarkən texniki səhvə yol verdiyini izah etmişdir. Bildirmişdir ki, o qanunlara daim riayət edir, sadəcə olaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edən zaman bir rəqəm səhv düşmüşdür. Onun telefonunda SMS icazəsi var. Onlar buna məhəl qoymamışlar, mobil telefonundakı SMS-ə baxsalar da, “texniki səhv olsa da, sənə cərimə yazacağıq” deyərək onun xahişinə məhəl qoymamışlar və cəriməni yazmışlar. Bunu sübut edən SMS çıxarışı da onun mobil telefonundadır. Hal-hazırda ailə vəziyyəti o qədər də qənaətbəxş deyil. Evdə tək işləyən odur, maddi cəhətdən çox çətinlik çəkir, buna görə də bu haqsız cəriməni ödəmək onun üçün çox çətindir. O hesab edir ki, dövlətin qanunlarına daim hörmətlə yanaşan bir şəxs kimi inzibati xəta törətməmişdir, həmin gün xəstəsinin vəziyyəti yaxşı olmadığından və bu səbəbdən də fikrinin dağınıqlığından sadəcə, texniki qüsura yol vermişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə onun barəsində tərtib olunmuş inzibati protokol ləğv edilməlidir. Bununla əlaqədar DİN-ə yazılı müraciət etmişdir. Cavab olaraq ona məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X7 ifadəsində bildirdi ki, o, xx.xx.2020-ci ildə ünvan 1 ünvanında yaşayan xalası X5 ağır vəziyyətdə olduğu üçün telefon zəngi almış və tələsik oraya getmək üçün 8103 xidmətindən 2 kodu yazaraq icazə almışdır. İcazə aldığı vaxt yaşı ilə əlaqədar olaraq gözünün zəifliyi nəticəsində şəxsiyyət vəsiqəsinin nömrəsinin AZE № 17016824 əvəzinə AZE № 17026824 yazaraq texniki səhvə yol vermişdir. O xalasıgilə gedən zaman Gəncə şəhəri, Nizami küçəsi, 81-in qabağında yerləşən postda onu yoxlamışlar və onun icazəsinin düzgün olmadığı barədə məlumat verilib İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə yazmışlar. O postda duran polis əməkdaşlarına gözünün zəif görməsi və xalasının ağır vəziyyətdə olduğuna görə icazəni tələsik alarkən texniki səhvə yol verdiyini izah etmişdir. Bildirmişdir ki, o qanunlara daim riayət edir, sadəcə olaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edən zaman bir rəqəm səhv düşmüşdür. Odur ki, məhkəmədən şikayətin təmin olunaraq xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər X15 X14 Xidmətinin inspektoru Nümayəndə ifadə verərək bildirdi ki, “Covid-19” pandemiyası ilə əlaqədar vətəndaşlar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir. Gəncə şəhəri mərkəzi kitabxananın qarşısında yerləşən stasionar postda vətəndaşların icazələri yoxlanılan zaman şikayətçi X3 portalda heç bir icazəsi olmadığı aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib olunaraq 200 manat məbləğində cərimə yazılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, qərarı tərtib etmiş şəxsi və barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.6, 2.6.1-2.6.3-cü maddələrinə əsasən digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. X7 isə şikayətinə xx xxxxxx 2020-ci il tarixdə yaşayış yerini və ya olduğu yeri “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 saylı qərarının tələbinə əsasən tərk etməsinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bununla da X3 xx xxxxxx 2020-ci il tarixdə yaşayış yerini və ya olduğu yeri 8103 nömrəsinə SMS məlumat göndərməklə tərk etdiyini ümumiyyətlə müəyyən etmək mümkün deyil. X2 xx xxxxxx 2020-ci il tarixdə yaşayış yerini və ya olduğu yeri qanunvericiliyin tələbinə əsasən tərk etdiyini zənn etsək belə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilmişdir ki, 8103 nömrəsinə SMS məlumat göndərməklə icazəsinin düzgünlüyünü yoxlamadan yaşayış yerini tərk etmiş, özünə məxsus olmayan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazaraq 8103 nömrəsinə SMS məlumat göndərməklə digər şəxsin gün ərzində SMS icazə almaq hüququndan məhrum edərək, özü istifadə etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının və ona əlavənin tələblərini pozmuşdur. Buna görə də Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarla X7 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X4 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X7 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Gəncə şəhər X15 X14 Xidmətinin inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş və faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, Gəncə şəhər X15 X14 Xidmətinin inspektoru, Nümayəndə tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X3 şikayəti rədd edilməli, xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər X15 X14 Xidmətinin inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar