Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-202/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinin YNH baş inspektoru, polis kiçik leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Lukoil YDM-də işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri Sevinc qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 13 mart 2022-ci il tarixdə saat 15:00 radələrində etibarnamə əsasında isürücülük hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, 99 GS-842 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Abbas Səhhət küçəsi ilə istiqamətdə olan zaman İXM-in 327.1 və 332.4-cü maddələrinin tələblərini pozaraq yolun sağ kənarında olan, küçə işıqlandırması üçün quraşdırılmış işıq dirəyinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə əsərrüfatına maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X4 bildirdi ki, Şəxs 13 mart 2022-ci il tarixdə saat 15:00 radələrində etibarnamə əsasında sürücülük hüququ olmadan idarə etdiyi “Opel Astra” markalı, 99 GS-842 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Abbas Səhhət küçəsi ilə hərəkətdə olan zaman İXM-in 327.1 və 332.4-cü maddələrinin tələblərini pozaraq yolun hərəkət hissəsindən çıxaraq səkiyə çıxmış və yolun sağ kənarında olan, küçə işıqlandırması üçün quraşdırılmış işıq dirəyinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansında olan işıq dirəyini məhv etməklə 1500 manat maddi zərər vurmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, sürücülük hüququ yoxdur. Lakin etibarnamə əsasında ara-sıra Opel Astra markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Hadisə vaxtı Gəncə şəhəri Abbas Səhhət küçəsi ilə hərəkət edərkən yolun hərəkət hissəsində çuxur olduğunu görmüş, avtomobili çuxura salmamaq üçün kəskin manevr etmiş və bu zaman idarəetməni itirərək yolun kənarına çıxmış və işıq dirəyinə çırpılaraq dirəyi aşırmışrı. Sürücülük hüququ olmadan avtomobil idarə etməsinə və yol-nəqliyyat hadisəsi törətməsinə görə peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1990-cı il tarixdə Xanlar rayonunda doğulmuşdur. ƏN-Vİİ seriyalı, 740024 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi barədə etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 “Opel Astra” markalı, 99 GS-842 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi və s. hüquqları 01 il müddətinə Şəxs etibar etmişdir. Etibarnamə 24.04.2022-ci ilədək qüvvədədir. “Avtomotoservis və ticarət” İstehsalat Birliyinin 13 mart 2022-ci il tarixli rəyindən görünür ki, Gəncə şəhəri A.Səhhət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində küçə işıqlandırması üçün nəzərdə tutulmuş işıq dirəyi yerə aşmış, əzilmiş və tam yararsız hala salınmışdır. İşıq dirəyinin balans dəyəri 1500 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi yedəyə alma, yükdaşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalaının pozulmasına, səkilərlə və “yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuni ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edildi ki, Şəxs sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, A.Səhhət küçəsində hərəkətdə olarkən qarşısındakı maneədən yayınmaq üçün kəskin manevr edərək yolun hərəkət hissəsindən çıxmış və səkiyə qalxaraq səkidə küçə işıqlandırması üçün quraşdırılmış işıq dirəyinə çırpılaraq işıq dirəyinin tam yararsız hala düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə protokolda qeyd edilmiş inzibati xətalardan İXM-in 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətalar vahid bir inzibati xətanın tərkibini əmələ gətirir. Belə ki, İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta tərkibinin müstəqil olaraq yaranması mümkün deyildir. Bu xətanın tərkibinin yaranması üçün ilk növbədə sürücü nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadan nəqliyyat vasitəsini idarə etməli (bu zaman İXM-in 332.2-ci maddəsinin tərkibi yaranır), həmin zaman başqa şəxsin əmlakına maddi zərər vurmalı və ya sağlamlığına yüngül zərər vurmalıdır. Maddi və ya fiziki zərərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi üçün isə hər hansı başqa qayda pozuntusunun baş verməsi zəruridir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-202/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-202/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver