Məhkəmə qərarları › İş №3(043)-216/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-216/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-216/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 17 mart 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X5 tərəfindən tərtib olunmuş 17 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17.03.2022ci il tarixdə, saat 12:09-da Kəpəz RPİ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək iş rejimini pozmuş, həmçinin, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X5 izahatında göstərdi ki, Şəxs 17.03.2022-ci il tarixdə ictimai qaydanı pozaraq Kəpəz RPİ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək iş rejimini pozmuş, həmçinin, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xalası qızı X3 şikayəti əsasında Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı, X1 onu Kəpəz RPİ-yə dəvət etmişdir. O, Kəpəz RPİ-nin inzibati binasına gəlmiş, bu zaman geri qayıdıb su almaq istədikdə Ç.Mustafaoğlu onu səsləyərək geri qayıtmasını istəmişdir. O isə bir az kobud danışaraq geri qayıtmaqdan imtina etmişdir. Bu zaman onunla Ç.Mustafaoğlunun arasında kiçik mübahisə yaranmışdır. Həmin mübahisəyə görə Ç.Mustafaoğlundan üzr də istəmişdir. O, özündən asılı olmayaraq həmişə uca səslə danışır. Hazırda hərəkətindən peşmandır və ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı, X1 izahatında bildirdi ki, Şəxs xalası qızı X6 Şəxs barəsində şikayətlə müraciət edərək Şəxs onu və ailəsini mütəmadi narahat etdiyini, ona əxlaqsız təkliflər etdiyini bildirmişdir. Şikayətlə əlaqədar olaraq Şəxs 16.03.2022-ci il tarixdə idarəyə dəvət edib izahatını almışdır. Növbəti gün, yəni 17.03.2022-ci il tarixdə Səbinə atası ilə birlikdə izahat vermək üçün idarəyə gəlmişdir. Səbinə izahat verərkən Cəsarət telefonla zəng edərək polis idarəsinin qarşısında olduğunu və onun qəbuluna gəlmək istədiyini bildirmişdir. O, Şəxs S.Abbasova ilə münaqişə yaradacağını bildiyi üçün Şəxs gözləməsini istəmiş, S.Abbasova izahatını verdikdən sonra onu və atasını İdarənin digər qapısından yola salıb, əsas qapıdan Şəxs buraxılmasını bildirmişdir. Şəxs binaya daxil olarkən onun arxa qapı tərəfdən gəldiyini görüb, S.Abbasovanın həmin qapıdan çıxdığını başa düşmüş və arxa qapıya doğru qaçmışdır. O, Şəxs tutub saxladıqda Şəxs uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman digər polis əməkdaşları ilə birlikdə onu sakitləşdirməyə çalışsalar da Şəxs onların tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirərək İdarənin əməkdaşlarının və İdarədə olan digər vətəndaşların gözü qarşısında ictimai qaydanı pozmaqda davam etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidin izahatı ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai qaydanı pozaraq Kəpəz RPİ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 17 mart 2022-ci il saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar