Məhkəmə qərarları › İş №3(043)-219/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-219/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-219/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 04 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 04 mart 2022-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət aidiyyət qaydaları pozulmaqla verildiyindən geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında 04.03.2022-ci il tarixli, EQ ******* saylı elektron qərardan görünür ki, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 04.03.2022-ci il tarixdə saat 19:52-də Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edir ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Həmin Qərardan aydın göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalara dair işlər üzrə qərarlardan verilən şikayətlərə İXM-in 110.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, yəni inzibati xətanın törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olduğunu müəyyən etmiş, şikayət vermiş şəxsin vəsatətinə əsasən şikayətə onun yaşayış yeri üzrə baxılmasının mümkünlüyü də təsbit edilmişdir. Belə ki, inzibati xətalara dair verilmiş şikayətlər ya inzibati xətanın törədildiyi, ya da inzibati xətanı törətmiş şəxsin yaşayış yeri üzrə verilə bilər. Hazırki iş üzrə inzibati xəta hadisəsi Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsində törədilmiş, inzibati xətanı törətmiş şəxs, yəni X2 isə Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatdadır. Burdan da göründüyü kimi hazırki şikayətin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə verilməsi qanuna ziddir. Buna görə də X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 04 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar