Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-22/2021 13.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri Kəpəz rayonu, DOS-6 ev 152, mənzil 7-də qeydiyyatda olan, Xəqani 68-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 20:40 radələrində Gəncə şəhəri, Sadıllı qəsəbəsi 3-cü küçə adlanan yerdə telefonla danışaraq ünvansız olaraq uca səslə nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etmiş polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə ŞBPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı Elnur Əliyev raportla Kəpəz Rayon Polis İdarəsinin rəisinə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 20:40 radələrində Gəncə şəhəri, Sadılı qəsəbəsi 3-cü küçə adlanan yerdən keçərkən bir nəfər şəxsin telefonla danışaraq ünvansız olaraq uca səslə söyünc söydüyünü görmüş və əvvəllər tanımadığı vətəndaşa yaxınlaşaraq özünü təqdim etmiş və onu nizam-intizama dəvət etmişdir. Bir neçə dəfə nizam intizama dəvət etməsinə baxmayaraq vətəndaş məhəl qoymayaraq onun qanuni tələbinə tabe olmamış və vətəndaşa bir daha izah etməsinə baxmayarq o, yenidən hərəkətlərini davam etdirib ona qarşı çobudluq etmişdir. O, isə tərəfindən kömək çağırıb həmin şəxsi Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə saat təxminən 20:40 radələrində Gəncə şəhəri, Sadılı qəsəbəsi 3-cü küçə adlanan yerdən keçərkən tanışı ilə telefonla danışmış və əsəbiləşərək tanışına qarşı telefonda uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşaraq uca səslə nəlayiq ifadə işlətməməsini və nizam intizama dəvət etmiş, o əsəbi olduğundan polis əməkdaşının ona irad bildirməsinə əhəmiyyət verməyərək ona öz işi ilə məşğul olmasını bildirmiş və telefonla danışmağa davam etmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını, ailəsinin yeganə dolanışığını onun təmin etməsini, himayəsində qoca atasının olmasını, onun diqqətə və vaxtaşırı müalicəyə ehtiyacı olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri, Sadılı qəsəbəsi 3-cü küçə adlanan ərazi ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-22/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-22/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver