Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-220/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 18.03.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 18.03.2022-ci il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan 0,087 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin X11 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 16 mart 2022-ci il tarixdə saat 18:30-da DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, satmasında və üzərində saxlamasında şübhəli bilinən, xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs yaşadığı evin qarşısında saxlanılaraq BNMİ QBRŞ-ya gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman onun üzərində 0,19 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2-3 aydır ki, arabir narkotik vasitə olan “heroin” istifadə edir. 14.03.2022-ci il tarixdə o yaşadığı şəhərdə, M.Maqomayev prospektində yolun kənarında yerdən bir ədəd bükümdə narkotik vasitə olan “heroin” taparaq özümün istifadəm üçün eynimdə olan gödəkcənin sol yan cibinə qoyub saxlamışdır. 16 mart 2022-ci il tarixdə saat 18.30 radələrində o yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobil ilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O təqdim olunmuş vəkillərin siyahısından X3 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X1 dəvət olunaraq ona təqdim edilmiş. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o əynində olan gödəkcənin sol yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroini cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində olan narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra onun iştirakı ilə həmin büküm elektron tərəzidə çəkmişlər, bükümün çəkisi 0,19 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Onun üzərinə axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Əlavə olaraq bildirdi ki, o, narkotik maddələrin satışı ilə məşğul olmur. Özünü təqsirli bilir. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını və ailə vəziyyətinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 17.03.2022-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti QBRŞ-nin aidiyyəti əməkdaşına göndərilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar olunmuş və ekspertiza müayinəsindən sonra bir ədəd kağız zərfə qablaşdırılmış narkotik vasitə heroin saxlanması üçün QBRŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə X7 Regional bölməsinin 17 mart 2022-ci il tarixli, 16/317 saylı rəyin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş.....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,087 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - “heroin”dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin həkimməsləhət komissiyasının 17.03.2022-ci il tarixli, 344 nömrəli rəyin surətindən görünür ki, narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji Dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 16.0.2022-ci il tarixdə protokolun surətindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd kağız bükümü çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Şəxs həmin cibindən bir neçə kassa çeklərini. həmin gödəkcənin sağ yan cibindən isə bir ədəd “Kingston” markalı siqaret qutusunu, bir ədəd alışqanı, 10 qəpik pulu, Dirol markalı saqqız qutusunu da çıxarıb həmin stolun üzərinə qoyub təqdim edərək üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxs üzərinə tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxs əynindəki gödəkcənin sol yan cibindən aşkar olunmuş həmin bir ədəd kağız bükümə baxış keçirərkən bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 0,19 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərini ağzı yapışdırıcı ilə bağlanmışdır. DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün tərəfindən götürülmüşdür. “Şübhəli şəxsin tutulması” haqqında 16.03.2022-ci il tarixli protokolun surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs 16 mart 2022-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Tutulmuş şübhəli şəxsin azad edilməsi” haqqında 17.03.2022-ci tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş, xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs tutulmadan azad edilərək DİN-nin BNMİ-nin QBRŞ-dən sərbəst buraxılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin dəftərxanasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,087 qram narkotik vasitə olan qurudulmuş “heroin” qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-220/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-220/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver