Məhkəmə qərarları › İş №3(043)-23/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-23/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-23/2021 13.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ-nin Kəpəz rаyоn Pоlis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiallarını baxılmağa hazırlanması zamanı araşdırıb, müəyyən e t d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ-nin Kəpəz rаyоn Pоlis İdarəsinin polis sahə rəisi, polis baş leytinantı Sərxan Nağıyev tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2003-cü il tarixdə Gəncə şəhərində doğulmaqla yetkinlik yaşına çatmamış, onun qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı olmadan barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. 63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 65.3. İnzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. 66.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Bundan əlavə İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə baxılarkən qeyd edilən nöqsanların aradan qaldırılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ-nin Kəpəz rаyоn Pоlis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar