Məhkəmə qərarları › İş №3(043)-23/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-23/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-23/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində “Audit Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Belə ki, həmin maddəyə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə müəyyənləşdirilmişdir. Belə ki, həmin qərara əsasən işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri isə 200.000 manatdan az olan sahibkarlıq subyekti “mikro sahibkar”, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri isə 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti “kiçik sahibkar”, işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3.000.000 manatdan 30.000.000 manatadək olan sahibkarlıq subyekti “orta sahibkar” və işçilərinin orta siyahı sayı 251 nəfər və ondan artıq olan, illik gəliri isə 30.000.000 manatdan artıq olan sahibkarlıq subyekti “iri sahibkar” hesab olunur. Məhkəmə, qanununvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq qeyd edir ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərə münasibətdə yalnız orta və iri sahibkarlıq subyekti hesab olunan hüquqi şəxslərin məcburi auditdən yayınması Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Mikro və kiçik sahibkarlıq subyekti hesab olunan MMC-lər isə İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab olunmur. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, səlahiyyətli orqan Şəxs MMC barəsində inzibati xəta haqqında icraat başlayarkən onun sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti hesab olunmasını müəyyən etməmiş, bunu təsdiq edən hər hansı sənədi materiala əlavə etməmişdir. Bu vəziyyətdə barəsində icraat aparılan hüquqi şəxsin İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material natamamdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarına əlavə edilmiş Şəxsnə ünvanlanmış məlumat verilməsi qeyd olunsa da, həmin bildirişin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda protokolda hüquqi şəxsin nümayəndəsinin protokolun tərtib edilməsində iştirak-edib-etməməsi, iştirak etməmişdirsə və ya protokola imza etməkdən imtina etmişdirsə bunun səbəbləri göstərilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək (İXM-nin 100.1.7-ci maddəsi), işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır (İXM-nin 61-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar