Məhkəmə qərarları › İş №3(043)-244/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-244/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-244/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X3 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X2 şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək, barəsində tərtib olunmuş 100 (bir yüz) manat məbləğində cərimə ilə bağlı qərarın ləğv olmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizəsinə xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı əlavə etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, o, xx.xx.2020 ci il tarixdə 4 nömrəli avtobusda sərnişin kimi olarkən, Gəncə şəhər Nizami rayon Polis İdarəsi tərəfindən reyd keçirilən zaman onun maskası üzündə biraz aşağıda olub. Lakin, verilmiş qərar ilə Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat cərimə müəyyən etmişdir. Nəticədə ona Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ona bildiriş gəlmiş və cərimə tətbiq edilməsi barədə xəbəri olmamışdır. Qeyd etmişdir ki, onun səhhətində ”nəfəs darlığı var” və hazırda Gəncə şəhər X7 qeydiyyatdadır və səhhətində olan problemlə bağlı bir sıra əsasları vardır. Surətlərini ərizəmə əlavə edərək nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2021-ci il tarixdə məhkəməyə şikayət versə də xx.xx.2020-ci il tarixli qərar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmiş, qərarın sürətini nə vaxt almasını şikayətində göstərməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarın İXM-nə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd edir ki, X4 ərizəsində hansı tarixli və nömrəli qərarın ləğv edilməsini dəqiq göstərməməsinə baxmayaraq, ərizəsinə xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarı əlavə etmişdir. Hesab olunur ki, həmin qərardan şikayət verərək ləğv edilməsini arzulayır. İş materiallarından göründüyü X4 şikayətində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN № ******* saylı qərarı nə vaxt almasını göstərməmiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X3 xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar