Məhkəmə qərarları › İş №3(043)-247/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-247/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-247/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 28 mart 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib olunmuş 28 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27.03.2022-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasından 20 manat dəyəri olan “Golgate” markalı diş fırçasını gizli yolla oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 çıxış edərək bildirdi ki, Şəxs Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasından 20,08 manat dəyərindəki elektrikli diş fırçasını gizli yolla götürərək, oğurluq etmişdir. Onun əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin, Şəxs tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xətasının təkibi yarandığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Əməlinə görə peşmançılıq çəkir və bir daha belə əməl törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmişə dəymiş zərəri tam olaraq ödəmiş və onunla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, o, “Bolmart” mağazasında nəzarətçi işləyir. Şəxs 27.03.2022-ci il tarixdə “Bolmart” mağazasından 20,08 manat dəyərindəki elektrikli diş fırçası oğurlasa da, hal-hazırda mağazaya dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 mart 2022-ci il qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəyərək, onunla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar