Məhkəmə qərarları › İş №3(043)-256/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-256/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-256/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Xanlar rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Göygöl rayonu, Dozular kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 -ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2021-ci il tarixdə saat 11:50-də istifadəsində olan “VAZ 21063” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2021-ci il tarixdə saat 11:50 radələrində Şəxs idarə etdiyi “VAZ 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Dəmiryol vağzalı istiqamətində hərəkətdə olarkən sola manevretmə qaydasını pozub geriyə dönmə əməliyyatını həyata keçirərkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyib idarəetməni itirərək əks istiqamətdə hərəkət edən X1 idarə etdiyi “Chevrolet Camaro” minik markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə İlyas Cabbarovun idarə etdiyi “Hyundai County” markalı **-TA-*** qeydiyyat nişanlı avtobusla toqquşaraq ehtiyatsızlıqdan X3 bədəni üzərində sağ təpə nahiyəsinin əzilməsi xəsarətləri ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 198 nömrəli rəyindən müəyyən olunur ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərsağ təpə nahiyəsinin əzilmiş yarası, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Göygöl rayonunun Dozular kəndində yaşayır. Ara-sıra Gəncə şəhərinə gəlir. Hadisə baş verən gün Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzinin qarşısında geriyə dönmə əməliyyatı etmək istəmişdir. Bu zaman yolun sağ zolağından birbaşa geriyə dönmək istəyərkən sol zolaqda hərəkət edən Chevrolet Camaro markalı avtomobil onun avtomobilinin sol tərəfindən vuraraq onun atomobilini yolun orta hissəsinə tərəf atmış, bu zaman onun avtomobili əks istiqamətli zolaqda hərəkət edən “Hyundai County” markalı avtobusa dəyib dayanmışdır. Hadisə nəticəsində Chevrolet Camaro markalı avtomobilin sürücüsü və özü yüngül xəsarət almış, avtobusda isə xəsarət alan olmamışdır. Hər iki avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Şəxs törətdiyi xətadan səmimi peşman olduğunu, yol hərəkəti qaydalarını yaxşı bilmdəyini, buna görə də yolun sağ zolağından geriyə dönmə əməliyyatı edərkən diqqətsizlik etdiyini və sol zolaqla hərəkət edən avtomobilin onun avtomobili ilə toqquşduğunu bildirmiş, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onları iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin İX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21063” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, Gəncə şəhəri, H.Əliyev prospekti ilə üzü Dəmiryol vağzalı istiqamətində hərəkətdə olarkən geriyə dönmə əməliyyatını həyata keçirərkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin Vİ və İX hissələrinin tələblərinə əməl etməyib geriyə dönməzdən əvvəl sol kənar zolağı tutmalı olduğu halda sağ zolaqdan birbaşa geriyə dönmə əməliyyatı etməyə cəhd etmiş, bu zaman sol zolaqla hərəkət edən “Chevrolet Camaro” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq həmin avtomobillə toqquşmuş və zərbənin təsirindən əks hərəkət zolağı ilə hərəkətdə olan “Hyundai County” markalı **-TA-*** qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Hadisə zamanı X3 bədəni üzərində sağ təpə nahiyəsinin əzilməsi xəsarətləri ilə müşayət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar