Məhkəmə qərarları › İş №3(043)-258/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-258/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-258/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, X4 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün xx xxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis mayoru X7 tərəfindən tərtib olunmuş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində özlərini şübhəli apardıqları üçün və dövlət əlehinə nalayiq söyüşlər söyərək xuliqanlıq hərəkətləri ilə polisin qanuni tələbinə tabe olmayaraq xüliqanlıq hərəkətləri etmişdir və üzərində narkotik maddə aşkar edilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X1 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsində Şəxs özünü şübhəli apardığı nalayiq söyüşlər söyərək xuliqanlıq hərəkətləri etdiyi üçün polis əməkdaşları onu nizam intizama dəvət etmişlər. Bu zaman o, polisin qanuni tələbinə tabe olmayaraq xuliqanlıq hərəkətlərini davam etdirmiş və oradan qaçmışdır. Bu barədə polis əməkdaşları raportla məruzə etmişlər. xx xxxx 2021-ci il tarixdə Şəxs Kəpəz RPİ-nə gətirilərək üzərinə baxış keçirilən zaman üzərindən narkotik maddə aşkar edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə gecə saat 04:00 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində idarə etdiyi avtomobillə evinə gedən zaman polis əməkdaşları onu saxlayaraq, Məhsəti qəsəbəsi ərazisində oğurluq olduğunu bildirərək, üzərinə və maşınına baxış keçirmişlər. Üzərindən və maşınından heç bir şey çıxmamışdır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət edən zaman o, üzərindən və maşınından heç bir şey çıxmadığı üçün polis əməkdaşları ilə getməm istəməmişdir. Polis əməkdaşları onu tutub postpatrul maşınına mindirmək istəyən zaman onların arasında mübahisə yaranmışdır. O, əsəbləşdiyi üçün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və qaçmışdır. xx xxxx 2021-ci il tarixdə polis əməkdaşları onu polis idarəsinə aparmış və üzərinə baxış keçirən zaman üzərindən narkotik maddə aşkar edilmişdir. O, əvvəllər narkotik vasitədən istifadə etmişdir və həmin narkotik vasitəni tapmışdır. Törətdiyi əmələ görə çox peşmandır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 oğlu izahatında bildirdi ki, o, Kəpəz RPİ-nin post-patrul xidmətində polis nəfəri vəzifəsində işləyir. O, xx.xx.2021-ci il tarixdə iş yoldaşı X3 ilə xidmətdə olan zaman Qaz-24 markalı**-FM-*** dövlət qeydiyyat nişanlı avtomobin işıqları yanmadığı üçün və həmin vaxit ərazidə oğurluq hadisəsi baş verdiyinə görə, oğurluq hadisəsi ilə bağlı şübhələndikləri üçün onu saxlamışlar. Maşının içərisində olan iki nəfərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərlərinə və maşına baxış keçirmişlər. Həmin şəxslər onlara şəxsiyyətlərini təsdiq etmək üçün heç bir sənəd təqdim etmədikləri üçün onları polis idarəsinə dəvət etmişlər. Həmin şəxslərdən biri adı onlara sonradan məlum olan Şəxs onlarla mübahisə edərək, onların ünvanına nalayiq ifadələr işlətmiş və həmin yerdən qaçaraq gizlənmişdir. Bununla bağlı raport yazaraq barələrində tədbir görülməsi üçün Kəpəz RPİ-nə təqdim etmişlər. Şəxs şəxsiyyəti təsdiq edildikdən sonra xx.xx.2021-ci il tarixdə Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Cinayət işinin rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx xxxx 2021-ci il tarixdə saat 13:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx xxxx 2021-ci il tarixli 16/224 nömrəli rəyindən görünür ki, Şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə, tütünlə birlikdə ümümi təmiz şəkisi 2,19 qram tütündən ayrıldıqdan sonra təmiz çəkisi 2,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Daha sonra həmin tənbeh tədbiri İXM-nin 206-cı maddəsi ilə təyin ediləcək tənbeh tədbiri ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun səmimi peşmançılığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2021-ci il tarixli 225 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati tənbehin müddəti başa çatdığı gün həbs yerinin nümayəndəsinin müşayiəti ilə ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 20 gün müddətinə inzibati həbs tənbehi təyin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən Şəxs qəti olaraq 1 (bir) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 13:45-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə və Gəncə şəhəri Narkoloji Dispanserə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar