Məhkəmə qərarları › İş №3(043)-266/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-266/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-266/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, icra işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 30 mart 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 19 noyabr 2018-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3766/2018 nömrəli, 04 sentyabr 2018ci il tarixli icra sənədinə əsasən Şəxs 04.10.2018-ci il tarixdən hesablanmaqla 17.09.2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs oğlıu tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq aliment borcunu ödəməkdən yayınır. Şəxs aliment borcu cəmi 4730 manat təşkil edir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və aliment borcunu ödəməkdən qəsdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. O, aylıq aliment borcunu vaxtı-vaxtında ödəyir, lakin əvvəlki qalan aliment borcunun məbləğinin 4730 manat olmasından xəbərsiz olmuş, bu barədə 2021-ci ilin dekabr ayında icra məmuru tərəfindən məlumatlandırılmışdır. Bundan sonra aliment borcundan bir dəfəyə 300 manat ödəmişdir. Sonrakı aylarda isə hər ay 20-30 manat artıq ödəniş etməklə borcunu azaltmağa çalışmışdır. Hazırda da həmin borcdan 500 manat ödəniş etmişdir. Velosiped təmiri ilə məşğul olduğu üçün işi mövsümi xarakter daşıyır və əsas gəliri yay aylarında olur. Buna görə də növbəti aylarda hər ay əlavə olaraq 200 manat, mümkün olduqda isə daha artıq ödəyərək aliment borcunu azaldacaqdır. Aliment öhdəliyini başa düşür və bir daha alimentin gecikdirilməsinə yol verməyəcəkdir. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi X5 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin aylıq aliment öhdəliyini vaxtında icra etdiyini, əvvəlki aliment borcunun miqdarından isə bir neçə ay əvvəl xəbər tutduğunu, buna görə də qısa zaman ərzində həmin borcu ödəməsinin obyektiv səbəbdən mümkün olmadığını, hazırda isə aliment borcunun azaldılması üçün tədbirlər gördüyünü və qətnamənin icrasından boyun qaçırmadığını bildirərək onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi X3 bildirdi ki, borclu hər ay alimenti ödəyir, lakin əvvəlki qalan aliment borcundan çox az ödəniş edir. 4770 manatdan cəmi 220 manat ödəniş etmiş, məhkəmə iclasında 500 manat əlavə ödəniş etmiş, hazırda borclunun aliment üzrə 4230 manat borcu qalmışdır. Borclu öz vədinə əməl edib aylıq aliment ödənişlərini vaxtında ödədiyi və əlavə olaraq hər ay 200- 300 manat ödədiyi təqdirdə onun inzibati məsuliyyətə cəlb edilməsini istəmir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3766/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli, 2(043)-12/2013 saylı qətnaməsi ilə 17.07.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilməsi və 17.07.209-cu il təvəllüdü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs Sənan oğlundan tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 19.11.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3766/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 14 aprel 2022-ci il tarixli qəbzin surətindən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi X3 zərərçəkmiş şəxsə çatası aliment borcundan 500 manat məbləğində pulu almışdır. Qalıq borc 4230 manat qalır. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs alimenti vaxtında ödəmədiyi üçün yığılmış əvvəlki aliment borcunun olmasına əsaslanaraq məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs əvvəlki aliment borcunun olmasına baxmayaraq onun son dövrlərdə mütəmadi ödənişlər etməsi, məhkəmə iclasında isə 500 manat ödəməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar