Məhkəmə qərarları › İş №3(043)-27/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-27/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-27/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisi X4 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli qərar baxılması üçün 06.01.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması üçün səbəb və əsaslar olmuşdur. Belə ki, materiala əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə X1 arasında əmək müqaviləsi 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilmiş, X11 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 12.02.2019-cu il tarixdə əlavə edilmiş, X8 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 09.09.2019-cu il tarixdə əlavə edilmiş, X5 ilə 04.01.2014-cü il tarixdə bağlanmış, sistemə 09.09.2019-cu il tarixdə əlavə edilmiş, X2 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilmiş, X12 ilə 08.01.2007-ci il tarixdə bağlanmış, sistemə 22.06.2020-ci il tarixdə əlavə edilmiş, X9 ilə 12.02.2019-cu il tarixdə bağlanmış sistemə 06.09.2019-cu il tarixdə əlavə edilmiş, X10 ilə 01.08.2012-ci il tarixdə bağlanmış, sistemə 09.09.2019-cu il tarixdə əlavə edilmiş, X6 ilə 18.02.2019-cu il tarixdə bağlanmış, sistemə 06.09.2019-cu il tarixdə əlavə edilmişdir. Adları çəkilən işçilərlə faktiki olaraq müvafiq xidmətlərin göstərilməsinə dair əmək müqaviləsi bağlanılmamışdan bir müddət əvvəl "xxxx" MMC-nin Kərpic zavod filialında müvafiq xidmətlərin göstərilməsinə cəlb edilmişlər. Həmçinin araşdırma zamanı alınmış izahatlarla müəyyən edilmişdir ki, Xoşbəxt Abdullayeva 2017-ci ildən, Cavid Zeynalov 2015-ci ilin aprel ayından, Vidadi Rəhimov 2016-cı ilin avqust ayından, Heyran Vəliyeva 2015-2016-cı ildən, Ariz Şadmanov 2018-ci ilin aprel ayından, Ramin Qurbanov 2018-ci ilin fevral ayından "xxxx" MMC-nin Kərpic zavod filialında işləməyə başlamışdır. Buna baxmayaraq, onlarla yazılı əmək müqaviləsi işə başladıqları vaxtdan deyil, yuxarıda göstərilən tarixlərdə bağlanmış və sistemə daxil edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin müdafiəçisi X13 çıxış edərək bildirdi ki, Gəncə Şəhər Prokurorluğu tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş 21.12.2021-ci il tarixli qərar tam əsassızdır. Belə ki, sistemə daxil edilmə tarixi kimi göstərilmiş tarixlər əmək müqaviləsinin bağlanması haqqında bildirişlərin tarixləri deyil, əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildirişlərin tarixləridir. Qərarda qeyd edilən işçilərlə 2014-cü ilin sentyabr ayına kimi bağlanmış əmək müqavilələri həmin ilin sentyabr ayında, ondan sonrakı tarixlərdə bağlanmış əmək müqavilələri isə bağlandıqları vaxt sistemə daxil edilmişdir. Belə olan halda müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Odur ki, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş “Əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC ilə X1 arasında əmək müqaviləsi 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X11 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X8 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X5 ilə 04.01.2014-cü il tarixdə bağlanmış, sistemə 16.09.2014-cü il tarixdə əlavə edilmiş, X2 ilə 14.07.2018-ci il tarixdə bağlanmış, sistemə 14.07.2018-ci il tarixdə əlavə edilmiş, X12 ilə 08.01.2007-ci il tarixdə bağlanmış, sistemə 09.09.2014-cü il tarixdə əlavə edilmiş, X9 ilə 12.02.2019-cu il tarixdə bağlanmış, sistemə 12.02.2019-cu il tarixdə əlavə edilmiş, X10 ilə 01.08.2012-ci il tarixdə bağlanmış, sistemə 22.09.2014-cü il tarixdə əlavə edilmiş, X6 ilə 18.02.2019-cu il tarixdə bağlanmış, sistemə 18.02.2019-cu il tarixdə əlavə edilmişdir. Prokuror tərəfindən qəbul edilmiş 21.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, həmin bildirişlər əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişlər deyil, əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı bildirişlərdir və bildirişlərdə göstərilən sistemə daxil edilmə tarixləri də əmək müqaviləsinə dəyişikliklər edilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilmə tarixləridir. Başqa sözlə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqında iş üzrə icraata, MMC-də işləyən adları qeyd edilən işçilərin əmək müqavilələrinin bağlanması bildirişlərinin sistemə daxil edilmə tarixləri deyil, həmin əmək müqavilələrinə dəyişiklik edilməsi haqqında bildirişlərin sistemə daxil edilmə tarixləri əsas götürülərək başlanılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 05.02.2014-cü il tarixdən qüvvədə olan Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Qərar 01.09.2014-cü il tarixdən icra edilməli idi. Qeyd edilən qərarın icra müddəti başlanıldıqdan sonra, "xxxx" MMC tərəfindən 01.09.2014-cü il tarixədək olan bütün yazılı əmək müqavilələri sistemə daxil edilmişdir. Belə ki, adları yuxarıda qeyd edilən işçilərdən X5 ilə 04.01.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 16.09.2014-cü il tarixdə əlavə edilmiş, X12 ilə 08.01.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 09.09.2014-cü il tarixdə əlavə edilmiş, X10 ilə 01.08.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi sistemə 22.09.2014-cü il tarixdə əlavə edilmişdir. Qərarda adları sadalan digər işçilərlə bağlanmış əmək müqavilələri isə məhz əmək müqavilələrinin bağlandığı tarixlərdə əmək müqaviləsi bildirişləri sistemə daxil edilmişdir. Görünüyü kimi, 2014-cü ildə Əmək qanunvericiliyinə dəyişikliklər edildikdən sonra "xxxx" MMC-də işləyən adları qərarda göstərilən şəxslərin heç biri əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməmiş, onların əmək müqavilələri qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sistemə daxil edilmişdir. "xxxx" MMC tərəfindən ona isnad olunan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar