Məhkəmə qərarları › İş №3(043)-271/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-271/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-271/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx xxxxxxx 2017-ci il tarixli qərarla icraata başlanılmış Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1190/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5030 (beş min otuz) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxsn ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs bugünədək borcundan cəmi 3000 manat məbləğində ödəniş edib və qalıq borcu 2030 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və çağırışlara gəlməkdən qəsdən yayınır. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəməmişdir. Lakin, məhkəmə prosesi gedişində yaranmış borcundan ödənişlər etmiş, onun hazırda 330 manat borcu qalmaqdadır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəmək niyyətindədir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə həmişə borcunu ödəməyə çalışmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu Şəxs müəyyən vaxtlarda ona hissə-hissə ödənişlər etmişdir. Lakin, inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixə onun 2030 manat borcu qalmışdır. Məhkəmə araşdırması gedişində borclu borcundan 1700 manat ödəniş etsə də, onun hal-hazırda 330 manat ödənilməmiş borcu qalmaqdadır. Odur ki, onun barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(040)-1190/2017 saylı icra vərəqəsindən görünür ki, Şəxs 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəmək üçün xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1200 manat və xx.xx.2021-ci il tarixdə 500 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmış, hətta onun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra da məhkəmə qətnaməsinin icrası ilə əlaqədar bir dəfə 1200 manat, bir dəfə də 500 manat pulu tələbkara ödəmişdir. Onun hal-hazırda tələbkara 5030 manat pul vəsaitindən cəmi 330 manat borcu qalmaqdadır. İşin bu halı onu deməyə əsas verir ki, Yunis Abbas məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini maddi imkanın yol verdiyi həddə icra etməyə çalışmış, o, üzrsüz səbəbdən qətnamənin icrasından yayınmamışdır. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar