Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-29/2022 14.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayət verən şəxs X2 iştirakı ilə, X2 Gəncə şəhəri Kəpəz RPB-in rəisi polis polkovnik leytenantı Emin Qurbanov tərəfindən qəbul olunmuş 25.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X1 şəhəri Kəpəz RPB-in rəisi polis polkovnik leytenantı Emin Qurbanov tərəfindən qəbul olunmuş 25.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək bildirdi ki, 25.05.2021-ci il tarixdə onun üzərində tibbi maskası olduğu halda polis əməkdaşı ona yaxınlaşmışdır. Belə ki, onun üzündə maska olmuş lakin nəfəs almaq üçün maskanı bir az burnundan aşağı salmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, həmin protokolla razı olmadığı üçün protokola imza etməkdən imtina etmişdir. Qeyd olunan protokl üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərar qəbul olunarkən ona məlumat verilməmişdir.Qeyd olunan qərardan məlumatı olandan sonra müraciət edərək qərarın surətini 04 yanvar 2022-ci il tarixdə əldə etmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, barəsində protokol tərtib olunan vaxt o qoruyucu maskadan istivadə etmişdir. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə qərarından şikayət verilmiş Gəncə şəhəri Kəpəz RPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən şikayətə qərarından şikayət verilmiş Gəncə şəhəri Kəpəz RPB-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətçi şikayətini onunla əsaslandırmışdır k, həmin tarixdə sərt karantin rejimi olmasa da o, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən qoruyucu maskadan istifadə etmişdir. İş materiallarında olan:- 25.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 25.05.2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X3 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs tərəfindən karantin rejiminin pozulmasının nə ilə sübut olunduğu barədə hər hansı bir sübut təqdim olunmamasını və həqiqətən də həmin vaxt sərt karantin rejimi olmamasını nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, qərarından şikayət verilmiş orqana bildiriş göndərilmiş və iş üzrə onlarda olan sübutun məhkəməyə təqdim olunması tələb olunmuşdur. Lakin qərarından şikayət verilmiş Gəncə şəhəri Kəpəz RPB məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Gəncə şəhəri Kəpəz RPB-in rəisi polis polkovnik leytenantı Emin Qurbanov tərəfindən qəbul olunmuş 25.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Gəncə şəhəri Kəpəz RPB-in rəisi polis polkovnik leytenantı Emin Qurbanov tərəfindən qəbul olunmuş 25.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və İXM-in 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-29/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-29/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver