Məhkəmə qərarları › İş №3(043)-295/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-295/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-295/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, şikayətçi X3 oğlunun iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisinin mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul olunmuş 26.03.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi tərəfindən qəbul olunmuş 26.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 oğlu şikayəti müdafiə edərək bildirdi ki, 26 mart 2022-ci il tarixində saat 16:54-də Bakı-Qazax yolunun 380-ci km-də idarə etdiyi özünə məxsus Opel Astra markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə) 40 manat məbləğində cərimə olunmuşdur. Belə ki, həmin yolda bununla əlaqədar, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə etməməklə bağlı hər hansı yol nişanı və yolda nişanlanma xətti (1.1) mövcud deyil (bunu elektron qərarda olan fotoşəkillərdən də görmək mümkündür). Orada yalnız 2 yol nişanı var idi ki, bunlar da sürət həddi (3.24) və təmir işləri ilə əlaqədar olan yol nişanları idi (həmin nişanların da bu inzibati xətaya aidiyyəti yoxdur). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə etməməklə əlaqədar yol nişanı və yolda nişanlanma xətti mövcud olmadığı halda əsassız olaraq qərara qəbul edilmişdir. Şikayəti müdafiə edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan:- İnzibati tənbeh vermə haqqında 26.03.2022-ci il tarixli, EQ ******* nömrəli qərardan görünür ki, X3 oğlu İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 oğlunun barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin nə ilə sübut olunmasına dair qərarından şikayət verilmiş tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İnzibati tənbeh vermə haqqında qərarda olan hadisə yerini əks etdirən fotoşəkildən görünür həmin ərazidə hər hansı yol nişanı və üfüqi xətt mövcud deyildir. İXM-in 8.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 oğlunun İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta törətməsi məhkəmə iclasında sübut olunmadığından onun barəsində 26.03.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 oğlunun barəsində 26.03.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində İXM-in 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar