Məhkəmə qərarları › İş №3(043)-304/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-304/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-304/2022 05.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərər çəkmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdərə rayonu, Qərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, Çardaxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 05 aprel 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib olunmuş 05 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01.04.2022-ci il tarixdə Gəncə şəhəri Piramida şadlıq sarayında X3 məxsus Redmi Not 8 markalı telefonu oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib olunmuş 05 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01.04.2022-ci il tarixdə Gəncə şəhəri Piramida şadlıq sarayında Nadirli Bayram Nasir oğluna məxsus Samsunq A 51 markalı telefonu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 çıxış edərək bildirdi ki, Şəxs 01.04.2022-ci il tarixdə Gəncə şəhəri Piramida şadlıq sarayında X3 məxsus Redmi Not 8 markalı telefonu və Nadirli Bayram Nasir oğluna məxsus Samsunq A 51 markalı telefonu oğurlamışdır. Onun əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin, Şəxs tərəfindən törədilmiş əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xətasının təkibi yarandığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməllər üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməlləri törətmişdir. Əməllərinə görə peşmançılıq çəkir və bir daha belə əməllər törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmiş, telefonları onlara qaytarmışdır və onlarla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, O, 01.04.2022-ci il tarixdə Gəncə şəhəri Piramida şadlıq sarayında toy məclisində olan zaman Şəxs ona məxsus Redmi Not 8 markalı telefonu oğurlamışdır. Hal-hazırda ona dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Nadirli Bayram Nasir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirakı ilə bağlı X7 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. O, hal-hazırda Bakı şəhərində olduğu, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini və ona dəymiş zərər ödənildiyi üçün Şəxs ilə barışdığını bildirdi və onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onun həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 05.04.2022-ci il tarixli telefonoqramdan görünür ki, zərərçəkmiş şəxs X7 bildirmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş zərəri tam şəkildə ödəmişdir, onunla barışmışdır. onun barəsində olan İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərər çəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar