Məhkəmə qərarları › İş №3(043)-329/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-329/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-329/2021 03.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, «xxxx» Şirkətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, «xxxx» Şirkətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: «xxxx» Şirkətinin barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Prosedurları və ödənişləri Şöbəsindən daxil olmuş 06.04.2021-ci il tarixli 34/012/003290 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından 08AAG838/08AAH070 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Mobil evlər” yükü **********2670 saylı 05.04.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük idarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “xxxx Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının ünvanına 08AAG838/08AAH070 nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxanda qeyd olunan Birlik tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük idarəsi əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 07.04.2021-ci il tarixdə, 11000-0496/21 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində “xxxx Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X2 idxal olunan “Mobil evlər” yükünə dair qısa idxal gömrük bəyannaməsinin verilməməsinin səbəbinin Türkiyə Respublikasında yerləşən şirkətin yükün oradan çıxmasını və yükə dair məlumatların vaxtında bildirməməsi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Beləliklə Azərbaycan Respublikası, “xxxx Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Məhkəmə iclasında «xxxx» Şirkətinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərdi ki, qısa idxal bəyannaməsinin təqdim olunmamasının səbəbi malların göndərilməsi barədə onlara vaxtında məlumat verilməmsi ilə bağlı olmuşdur. Bir daha belə hallara yol verməyəcəklərini göstərərək cəriməni ödəməyə etirazları olmadığını bildirdi. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, «xxxx» Şirkətinin İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. «xxxx Şirkəti»nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Şirkəti haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: «xxxx» Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar