Məhkəmə qərarları › İş №3(043)-33/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-33/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-33/2022 24.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs oğlu 01.12.2021-ci il tarixdə idarə etdiyi “VAZ-21214” minik markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən X1 idarə etdiyi “Opel Astra” minik markalı, ** Zİ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, O, “VAZ-21214” minik markalı, **- BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 01.12.2021-ci il tarixdə idarə etdiyi “VAZ-21214” minik markalı **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Dəyirman” dairəsi istiqamətindən yaşadığı ünvana qayıdarkən Ş.İ.Xətai prospekti ilə təxminən saatda 50-60 km/saat sürətlə hərəktdə olan zaman Ş.İ.Xətai prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində yol ayrıcına daxil olarkən işıqforun qırmızı işığının yandığını görmüş və əyləci sıxmışdır. Lakin yol sulu olduğu üçün əyləc tutmamış və işıqforun qırmızı işığında yol ayrıcına daxil olmuşdur. Bu zaman onun idarə etdiyi avtomobilin qabaq hissəsi S.Vurğun küçəsindən Ş.İ.Xətai prospektinə daxil olan “Opel” markalı avtomobilin sol yan arxa hissəsindən dəymiş və onun idarə etdiyi avtomobil fırlanaraq əks istiqamətli hərəkət yolunda dayanmışdır. Hadisə nəticəsində vurulmuş maddi ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. O, törətdiyi əməldən peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 24 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 22.12.2021-ci il tarixli 2030 saylı rəyindən görünür ki, vətəndaş R.M.Qasımovun bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ gicgah-çənə oynağının çıxığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsvir hissəsində göstərilən tarixdə, yəni 01.12.2021-ci il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İ və İİ bəndlərinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 327.2. svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs Yol Hərəkəti Haqqında Qanunun tələblərini pozaraq svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar