Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-333/2021 16.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru daxili xidmət kapitanı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli 15 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Gəncə şəhəri, Y.Bağırov küçəsi 32 ünvanında yerləşən ərzaq anbarında 15.04.2021-ci il tarixdə planlı YTM zamanı Şəxs tərəfindən şərait yaradılmamışdır. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru daxili xidmət kapitanı X4 izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən Ərzaq anbarında 09.04.2021-15.04.2021-ci il tarixlərində sahibkarlı sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin "Çıxarışına" əsasən 02.04.2021-ci il tarixli 1145 nömrəli qərarın icra intizamının yoxlanılması məqsədi ilə planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. Sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməmiş, yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatlar verilməmişdir. Sahibkar Şəxs həmin vaxt orada olmamışdır. Onlar aprel ayının 9-dan 15-dək hər gün həmin anbara getmişlər, lakin sahibkar orada olmamışdır. Onlara anbara daxil olmuşlar və onlara heç bir maneçilik törədilməmişdir. Onlar Şəxs ilə telefonla əlaqə saxlamışlar və Şəxs onlara hazırda müalicədə olduğunu, gəlikdən sonra görüşəcəyini, yanğın-texniki müayinə keçirilməsi barədə bildirişi ərzaq anbarında olan şəxslərdən birinə təqdim edilməsini bildirmiş, onlarda həmin bildirişi həmin obyekdə olan şəxslərdən birinə təqdim etmişlər. Sözügedən obyektin rəhbərliyi tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatlar verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə uyğun olaraq protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Gəncə şəhəri Y.Bağırov 32 ünvanında yerləşən ll Dövlət Proqramına uyğun olaraq, Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirilmiş əmlak kompleksi 2005-ci ildən onun mülkiyyətindədir və həmin vaxtdan da müxtəlif formalarda icarəyə verilmiş, dəfələrlə yanğın-texniki müayinə keçirilmişdir. Sözügedən obyektdə Gəncə Regional DYN İdarəsinin əməkdaşları tərəfindən 09.04.2021- 15.04.2021-ci il tarixlərdə yoxlama aparılmasına onun tərəfindən heç bir irad və ya şərait yaradılma halları olmamışdır, çünki o, xəstəliyi ilə əlaqədar olaraq 04.04.2021-18.04.2021 tarixlərdə Azərbaycan XİN tərəfindən verilmiş FDKN003202 saylı putyovka ilə Naftalan şəhərində “xxxx” Sanatoriyasında müalicədə olmuşdur. Bildirmək istəyir ki, 12.04.2021-ci il tarixdə saat 13:34 tarixdə o, Fizioterapeya qəbul edərkən, ***-***-**-** nömrəli mobil telefon ilə Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru daxili xidmət kapitanı X1 ona zəng gəlmiş və ona demişdir ki, Y.Bağırov 32 ünvanda yanğın Nəzarəti İdarəsi tərəfindən məktub gətirmişik onu kimsə imzalayıb qəbul etməlidir. O da Naftalan şəhərində müalicədə olduğunu bildirmiş və onsuz yoxlamanın aparılmamasını xahiş etmiş və bildirmişdir ki, o, özü 18 apreldə Gəncə şəhərinə qayıdanda sənədləri və lazmi izahatları verəcəkdir. Həmçinin obyektə baxış keçirilməsinə maneə yaratmamış və yoxlama keçirilməsi barədə məktubu isə orada yerləşən icarəçi şirkətin əməkdaşlarından birinə verməyi demişdir. 15.04.2021-ci il tarixdə saat 11:39 tarixdə Həsənov Nəbi tərəfindən ********** nömrəsindən zəng gəlmiş və bildirilmişdir ki, onların yoxlamasının vaxtı bitmişdir. Həsənov Nəbi bilə-bilə ki, o, Naftalan şəhərində müalicə olunur qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Müalicədən qayıdan kimi 19.04.2021ci il tarixdə sənədləri götürüb Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsində olmuş, məlumat vermək üçün rəhbərliyin onu qəbul etməsini xahiş etmişdir. Lakin, “COVİD-19” xəstəliyi ilə bağlı görüşməyin mümkün olmadığını bildirmişlər. 25.04.2021-ci il tarixdə isə ona məlum olmuşdur ki, onun barəsində 15.04.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun əsassız olduğunu, əməlində İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati orqanın nümayəndəsinin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarət şöbəsinin 15.04.2021-ci il tarixli yanğın-texniki müayinə aktının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Ərzaq anbarında 09.04.2021-15.04.2021-ci il tarixlərində sahibkarlı sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin "Çıxarışına" əsasən 02.04.2021-ci il tarixli 1145 nömrəli qərarın icra intizamının yoxlanılması məqsədi ilə planlı yanğın-texniki müayinə keçirilməsi nəzərdə tutulmuşdur. 15.04.2021-ci il tarixdə sözügedən obyektdə müayinə keçirilməsi məqsədi ilə olduqları zaman, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmamışdır. Sözügedən obyektin rəhbərliyi tərəfindən müayinə keçirilməsinə şərait yaradılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə uyğun olaraq protokol tərtib olunmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin (VÖEN: **********) FDK 003202 nömrəli talonundan görünür ki, Şəxs 04.04.2021-ci il tarixdən 18.04.2021-ci il tarixədək “xxxx” MMC müalicə müəssisəsində müalicə almışdır. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 602.4.-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarət şöbəsinin əməkdaşları ünvan 1 ünvanında yerləşən Ərzaq anbarında sahibkarlı sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin "Çıxarışına" əsasən 02.04.2021-ci il tarixli 1145 nömrəli qərarın icra intizamının yoxlanılması məqsədi ilə planlı yanğın-texniki müayinə keçirilməsi məqsədi ilə 09.04.2021- 15.04.2021-ci il tarixlərdə sözügedən obyektdə müayinə aparılmış, yoxlama aparılmamışdan əvvəl sahibkar Şəxs bu barədə məlumat şəxsən verilməmiş, həmçinin yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə səbəb isə Şəxs 04.04.2021-ci il tarixdən 18.04.2021-ci il tarixədək “xxxx” MMC müalicə müəssisəsində müalicədə olması olmuş və protokol tərtib etmiş şəxs bu barədə məlumatlı olmuş, sahibkar tərəfindən təhrif olunmuş yanlış məlumat verilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə maneə yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nın 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq qərara aldı : Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-333/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-333/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver