Məhkəmə qərarları › İş №3(043)-337/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-337/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-337/2022 15.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1991-ci ildə Xanalar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsində 15.04.2022-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-in 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis leytenantı X4 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs 10.04.2022-ci il tarixdə, saat 20:00-da Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən “El Hotel” mehmanxanasının arxa tərəfində boş sahədə olan 300 manat dəyərində dəmirləri gizli yolla oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Gəncə şəhəri BPİin 2-ci PŞ-nin İTB-in sahə rəisi, polis leytenantı X4 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, iş üzrə qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 10.04.2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “El Hotel” otelinin arxa tərəfindən avtomaşınla keçən zaman açıq sahədə sahibsiz dəmirlər görmüş və həmin yerə heç kimin nəzarət etmədiyi ona məlum olmuşdur. Maddi imkansızlıq səbəbindən orada olan dəmirləri oğurlamaq qərarına gəlmişdir. Ona görə idarə etdiyi “VAZ-2107” markalı atasına məxsus avtomaşınla həmin yerə saat 20 radələrində təkrar gəlmiş və orada olan təxminən 100 kiloqram çəkidə dəmirləri heç kimdən kömək almadan oğurlayaraq avtomaşınımın içərisinə yığmışdır. Daha sonra o həmin dəmirləri Gəncə şəhəri “2705 dairəsi” adlanan yerin yaxınlığında yerləşən əlvan metal qəbulu sexinə satmışdır. 14.04.2022-ci il tarixdə bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq dəmir oğurluğunda şübhəli olduğu üçün onu 2-ci polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əmələ görə çox peşmandır və maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan inzibati material üzrə işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs, X1 məxsus 300 manat dəyərindəki dəmirləri oğurlamaqla Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 2-ci polis şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə sаxlаmа müddətinin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 14 aprel 2022-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 14 mart 2022-ci il tаrixdən, saat 16:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar