Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-338/2022 15.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə avtomobillərin təmiri üzrə çilingər vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə 15.04.2022ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X10 tərəfindən tərəfindən tərtib edilmiş protokolda qeyd edilir ki, 14.04.2022-ci il tarixdə, saat 18:40-da Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq olmayan narkotik vasitə qurudulmuş “marixuana” əldə edib saxlamaqla İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X10 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 14.04.2022-ci il tarixdə, saat 17:30-da Gəncə şəhəri Şeyx Zamanlı küçəsində yolun kənarından saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nə gətirilmişdir. Axtarış zamanı üzərindən bir kibrit qutusunda təmiz çəkisi 0,38 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar olunaraq götürmüş, həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Həmçinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin rəisinin xahişi odur ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində özünü təqsirli bilərək bildirdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə çilingər işləyir. Arabir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Təxminən 3-4 ay əvvəl Gəncə şəhərində yaşadığı küçədə, yerdən bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana taparaq əldə etmiş, həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlamışdır. 14 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhəri Şeyx Zamanlı küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun narkotik vasitəni üzərində, saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəklərini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobil ilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmişdir və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmişdir və bu barədə ərizə ilə müraciət etmişdir. X1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan şalvarının sol yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmiş, baxiş zamanı bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, içərisində qurudulmuş marixuana olan bükümün çəkisi 0,80 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Onun üzərinə şəxsi axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin təhqiqatçısı, polis mayoru X7, HK-1/76 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti QBRŞ-nin aidiyyəti əməkdaşına göndərilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar olunmuş və ekspertiza müayinəsindən sonra bir ədəd kağız zərfə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün QBRŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında 14 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Şəxs həmin şalvarın sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, arxa cibindən isə bir ədəd tibbi maskanı və bir ədəd cib dəsmalını çıxarıb otaqdakı həmin stolun üzərinə qoyaraq üzərində başqa əşya olmadığını bildirmişdir. Şəxs üzərinə tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən bükümün içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin kütlə büküm ilə birlikdə gümüşü rəngli elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 0,80 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün tərəfindən götürülmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə X8 Regional bölməsinin 15.04.2022-ci il tarixli, 16/441 saylı rəyin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,38 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş “marixuana”-dır. Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 15 aprel 2022-ci il tarixli, 493 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi son vaxtlar geniş vüsət aldığından, bununla bağlı Azərbaycan Respublikası tərəfindən ciddi addımlar atıldığından, ümumiyyətlə narkotik dünya-insanlıq üçün böyük bir bəlaya çevrildiyindən inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Eyni zamanda protokol tərtib etmiş şəxsin məhkəmə iclasında verdiyi ifadədən də görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin rəisi və əməkdaşlarının inzibati xəta törədən Şəxs cərimə növündə tənbeh tətbiq olunmasında hansısa maraqları vardır. Halbuki, bu hal əksinə olmalı idi. Sanki, protokol tərtib etmiş şəxs inzibati xəta törədən şəxsin maraqlarını qorumaqla onun müdafiəçisi qismində çıxış etmişdir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə sonda qeyd edir ki, Şəxs inzibati tənbeh kimi cərimənin tətbiq edilməsi cəmiyyət üzvlərində-narkotikə marağı olan lakin hələ buna qurşanmamış şəxslərdə hazırki əmələ görə tətbiq edilən tənbehin əhəmiyyətsiz olması kimi qiymətləndiriləcək və belə əməllərin daha da vüsət almasına geniş zəmin yaradacaqdır. Həbsdə saxlama müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən, saat 18:30-dan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin QRBŞ-nin dəftərxanasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,38 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş “marixuana” qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-338/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-338/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver