Məhkəmə qərarları › İş №3(043)-341/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-341/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-341/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis kapitanı X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 05 may 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 05.05.2021-ci il tarixdə Gəncə şəhəri X4 polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır və xırda xuliqanlıq etmişdir. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis kapitanı X14 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 05.05.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası DİN Baş X19 İdarəsinin Gəncə X8 və X15 binasında həmin Şöbənin əməkdaşı Arif Məmmədovla əsassız mübahisə edərək ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, tanışının avtomobilini alqı-satqı etmək istəyən zaman avtomobilin mühərrik nömrəsi olmadığına görə Arif Məmmədovdan onlara arayış verməsini istəmişdir. Arif isə bu işi 560 manat müqabilində həll edəcəyini, ona da 10-15 manat verəcəyini bildirdi. O, buna ehtiyac olmadığını arayış verməyini ondan yenidən istəyəndə Arif verməyəciyini bildirmiş və bundan sonra onların arasında mübahisə yaranmışdır. Arif ondan inzibati binadan çıxmağını tələb etsə də o, çıxmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Gəncə şəhər RQİ və TBŞ-nin polis baş leytenantı X1 bildirdi ki, Şəxs mütəmadi olaraq Gəncə şəhər RQİ və TBŞ-yə gələn vətəndaşlara onların işini həll edəcəyini bildirərək onların sənədlərini alıb İdarəyə daxil olur və işin həll edilməsini tələb edir. 05.05.2021-ci il tarixdə onların iş yerinə gələrək tanışı olan bir nəfərin “Opel” markalı avtomobilinin sənədəşmə işləri üçün göndəriş verməsini ondan tələb etmişdir. O isə cavabında həmin avtomobil Bakı şəhərində qeydiyyata alındığından sənədləşmə işinin yalnız Bakı şəhərində yerləşən qeydiyyat imtahan şöbəsində aparıla biləcəyini bildirmişdir. Şəxs isə səsini qaldıraraq ondan göndəriş verməsini tələb etmiş, bu zaman onun iş otağında səs-küy salaraq ətrafdakı şəxslərin diqqətini cəlb etmişdir. Bundan sonra yan otaqlardan iş yoldaşları, eləcə də Şöbədə mühafizə işini həyata keçirən polis əməkdaşları yaxınlaşaraq onu otaqdan bayıra çıxarmağa çalışmışdır. Lakin, Şəxs onların qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, hətta onun üzərinə hücum çəkməyə cəhd etmişdir. Polis əməkdaşları onu binanın dəhlizinə çıxarsalar da Şəxs burada da ucadan qışqırmağa və nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra Kəpəz RPİ-nin əməkdaşları gələrək Şəxs oradan uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər RQİ və TBŞ-nin polis mayoru X2 bugün işdə olan zaman səs-küy gəldiyini eşidib otaqdan çıxam zaman R.X9 mübahisə etdiyini və inzibati binada yüksək səslə danışaraq, ona qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. Daha sonra o və idarənin mühafizəçiləri onları ayırmışdır. Şəxs dəhlizə çıxararaq nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə məhəl qoymamış və burada da ictimai qaydanı pozmağa davam etmişdir. Daha sonra Kəpəz RPİ-nin əməkdaşları gələrə onu binadan çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Regional Mühafizə İdarəsinin polis serjantı X7 bildirdi ki, o növbəlik əsasında Gəncə şəhər RQİ və TBŞ-də mühafizəni həyata keçirir. 05.05.2021-ci il tarixdə səhər saatlarında işdə olan zaman binadan səs-küy gəldiyini eşidib binanın içərisinə daxil olmuş, burada Şəxs Şöbənin əməkdaşı Arif Məmmədovla mübahisə etdiyini və ucadan səs-küy saldığını və söyüş söydüyünü görmüşdür. Şöbənin əməkdaşları ilə birlikdə Rüstəmi sakitləşdirib otaqdan bayıra çıxarmaq istəsələr də Rüstəm onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra iş yoldaşı Seymuru kömək üçün çağırmış, birlikdə Rüstəmi otaqdan dəhlizə çıxarmışlar. Rüstəm binanın foyesində də ucadan qışqırmağa və söyüş söyməyə davam etdiyi üçün Kəpəz RPİ-nin əməkdaşları gələrək onu binadan çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Regional Mühafizə İdarəsinin polis serjantı X5 digər şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, 05.05.2021-ci il tarixdə səhər saatlarında işi ilə əlaqədar Gəncə RQİ və TBŞ-yə getmiş, burada R.X10 mübahisə etdiyini görmüşdür. Mübahisənin səbəbi Şəxs tanışının avtomobilinin sənədləşməsi üçün zəruri olan göndərişin verilməsindən Arif Məmmədovun imtina etməsi olmuşdur. Şəxs öz haqqını tələb etmiş, hər hansı səs-küy salmamış və söyüş söyməmişdir. Şəxs dövlətin inzibati binasında polis əməkdaşı ilə əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və şahidlərin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. İlk növbədə qeyd edilməlidir ki, Şəxs özünün də bildirdiyi kimi ona aid olmayan bir avtomobilin sənədləşməsi üçün Arif Məmmədovun iş otağına daxil olmuşdur. Şəxsin başqa şəxsi üçüncü şəxslər qarşısında təmsil edə bilməsi üçün etibarnamə tələb olunur. Buna baxmayaraq Şəxs avtomobilin sənədləşməsinin Gəncə RQİ və TBŞ-də həyata keçirilməsinin mümkün olmadığı bildirilsə də Şəxs bu cavabı qanunsuz hesab etdiyi halda aidiyyəti üzrə yuxarı orqana və ya məhkəməyə şikayət edə biləcəyi halda mübahisəni hüquqi yolla həll etmək əvəzinə ictimai yer hesab edilən inzibati binada digər vətəndaşlara məhəl qoymadan ucadan səs-küy salmış və bu zaman onu nizam –intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar