Məhkəmə qərarları › İş №3(043)-35/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-35/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-35/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-in polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-ci il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Gəncə şəhəri BPİ-nin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə “VAZ 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla əmrinə tabe olmayaraq sürətlə hərəkətini davam etdirmiş, yenidən saxla əmrindən sonra nəqliyyat vasitəsini saxlayaraq qəflətən geriyə avtomobili sürətləndirməklə təkərlərini yerin səthi ilə sürtülməsilə arxaya vermiş və avtomobili öz oxu ətrafında dövr etdirərək təhlükəli manevrlər etməklə hərəkətini davam etdirərək avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 09.01.2022-ci il tarixdə saat təxminən 22:50 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsi, “Gəc Zavodu”nun arxa küçəsində “VAZ” 2107 markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol patrul xidməti ona saxla işarəsi vermiş, lakin o, həmin vaxt qorxduğundan saxla işarəsinə tabe olmayaraq avtomobili qəfləti sürətləndirməklə geriyə manevr etdirib qabaq hissəsini öz oxu ətrafında fırladıb S.Əliyev küçəsi istiqamətində hərəkət edib “Poçt” qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Həmin vaxt yol patrul xidməti ona saxla işarəsi verərək qarşısına keçib dayanmış, o da yenidən tabesizlik göstərərək avtomobili geriyə sürətləndirərək avtomobilin qabaq hissəsini fırladıb yolun sol hissəsi ilə düzünə gedib soldan sağa manevr edərək “Poçt” qəsəbəsinə dönərkən eyni istiqamətdə yolun sağ tərəfi ilə düzünə gələn “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla toqquşmuşdur. O, gözləmədən çıxıb getmiş, təxminən 10-15 dəqiqə sonra onu saxlayıb sərxoşluq və narkotest müayinəsindən keçirilməsi üçün Norkoloji dispanserə aparmışlar. Narkotest vasitəsi ilə yoxlanılan zaman onun narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Barəsində olan inzibati xəta haqqında protokol üzrə özünü İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bili. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmədən ona yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin DYPŞ-nin ƏYPXB-nin polis nəfəri, polis serjantı X3 izahat verərək bildirmişdir ki, 09.01.2022-ci il tarixdə ekipaj yoldaşı polis nəfəri, polis serjantı X6 ilə “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla xidmətdə olarkən saat təxminən 22:50 radələrində Gəncə şəhəri, Sevinc qəsəbəsi, “Gəc Zavodu”nun arxa küçəsində “VAZ” 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb səs gücləndirici vasitəsi ilə sürücüyə saxla işarəsi vermişlər. Lakin sürücü saxla işarəsinə qəsdən tabe olmayaraq nəqliyyat vasitəsini qəflətən geriyə sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması halına yol verərək avtomobili öz oxu ətrafında fırladıb tabesizlik göstərərək Səbuhi Əliyev küçəsi ilə Abbas Səhət küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Abbas Səhət küçəsinə təxminən 100-150 metr məsafədə yenidən saxla işarəsi verib həmin “VAZ 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında daayanmış, lakin təkrar olaraq nəqliyyat vasitəsini qəflətən geriyə sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması hallarına yol verərək avtomobil öz oxu ətrafında fırladıb yol sol hissəsi ilə hərəkətini düzünə davam etdirərkən onlar yolun sağ hissəsi ilə hərəkətdə olan zaman “VAZ 2107 markalı”, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən yolun sol hissəsindən sağa manevr edərək xidmət apardıqları “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulu vuraraq hadisə yerindən uzaqlaşıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin avtomobil sürücüsü ilə birlikdə saxlanılıb avtomobili Gəncə şəhər DYPŞ-nin mühafizə olunan duracağına təmin edib, sürücü Şəxs isə sərxoşluq və narkotestr müayinəsindən keçirilməsi üçün Norkoloji dispanserə aparmışlar. Narkotest vasitəsi ilə yoxlanılan zaman müəyyən olunmuşdur ki, sürücü Şəxs nakotik vasitə qəbul etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidin izahatını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətanın törədilməsi, bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 30.12.2021-ci il tarixli aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən məhkəmə, onun şəxsiyyətini, yol verilən inzibati xətanın növünü və ictimai təhlükəliliyini nəzərə alır və eləcə də Şəxs Daşad oğlunun ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsə alınmanın əvvəli 10 yanvar 2022-ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 10 yanvar 2022-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X5 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar