Məhkəmə qərarları › İş №3(043)-357/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-357/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-357/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 17 may 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 17 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17.05.2021-ci il tarixdə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində sərxoş vəziyyətdə nalayiq ifadələr İşlədən zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X1 izahatında göstərdi ki, Şəxs 17.05.2021-ci il tarixdə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hadisə günü o, iş yoldaşı Hüseyn ilə birlikdə işdən çıxdıqdan sonra içki içməyə getmişlər. Bİrlikdə bir litr araq və bir neçə bokal pivə içmişlər. Daha sonra Hüseyn taksi çağırdığını demiş və Hüseyn ünvana çatdıqda 3 manat taksi sürücüsünə pul vermişdir. Bundan sonra taksi sürücüsü ondan da 5 manat pul verməsini istəmişdir, o isə cavabında pulunun olmadığını demişdir. Bu zaman aralarında mübahisə yaranmış, lakin o, heç kəsə söyüş söyməmişdir. Həmin vaxt iki nəfər polis əməkdaşı yaxınlaşıb məsələni aydınlaşdırdıqdan sonra ondan taksinin pulunu verməsini istəmiş, o isə üstündə pulunun olmadığını, evə qalxıb gətirə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib aparmaq istəyərkən günahsız olduğu üçün bundan imtina etmişdir. O, heç bir qanun pozuntusu törətməmişdir. Ona görə də barəsində icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, taksi sürücüsü işləyir. 17.05.2021-ci il tarixdə saat 03 radələrində Gəncə hava limanının yaxınlığında 3 nəfər sərxoş vəziyyətdə olan şəxs ona yaxınlaşıb onları Gəncə univermağının qarşısına aparmaq üçün nə qədər pul alacağını ondan soruşmuşdur. O da 7 manata apara biləcəyini demiş, bir müddət sövdələşdikdən sora 7 manata razılaşaraq həmin üç nəfər onun avtomobilinə əyləmişdir. Şəxs ön oturacaqda, Hüseyn Qasımov və adını bilmədiyi digər sərnişin isə arxa oturacaqda oturmuşdur. Üçüncü sərnişin Gəncə şəhəri Məhsəti qəsəbəsinin qarşısında avtomobildən düşmüş, digər sərnişinləri isə univermağın qarşısına gətirmişdir. Bu zaman Mətləb ona Muxtar Hacıyev küçəsində düşəcəklərini demiş, o isə univermağa qədər danışdıqlarını, Muxtar Hacıyev küçəsinə sürməsi üçün əlavə 1 manat ödəməli olduqlarını bildirmişdir. Razılaşdıqdan sonra onları Muxtar Hacıyev küçəsində dedikləri yerə gətirmişdir. Avtomobildən düşdükdən sonra Hüseyn Qasımov cibindən 3 manat pul çıxararaq Şəxs 5 manat da onun verməsini demişdir. Mətləb isə ona çıxarıb bir manat uzadaraq “bir manat bəsindir, götür çıx get” demişdir. O isə 8 manata danışdıqlarını, pulunu ödəməli olduqlarını bildirmişdir. Bu zaman Şəxs onunla mübahisə etmiş və söyüş söyməyə başlamışdır. Səs-küyə iki nəfər polis əməkdaşı yaxınlaşmış və mübahisənin səbəbini aydınlaşdırdıqdan sonra Hüseyn və Mətləbə pulu ödəməli olduqlarını bildirmişdir. Hüseyn sakitcə üç manatının olduğunu, başqa pulunun olmadığını demiş, Mətləb isə yenə də həm onun, həm də polis əməkdaşlarının ünvanına söyüşlər söyərək pulu ödəməyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobil çağıraraq onları polis idarəsinə aparmaq istəmiş, Hüseyn sakitcə keçib avtomobildə əyləşsə də Mətləb polis əməkdaşlarına müqavimət göstərərək avtomobilə oturmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post Patrul Xidməti əməkdaşı X4 bildirdi ki, 17 may 2021-ci il tarixdə gecə saat 04 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində X5 ilə birlikdə piyada xidmət aparan zaman səs-küy gəldiyini eşidib, hadisə yerinə yaxınlaşdıqda sonradan adlarının Qasımov Hüseyn və Şəxs olduqlarını bildiyi iki nəfər şəxsin bir nəfər taksi sürücüsü ilə mübahisə etdiyini və onun pulunu vemək istəmədiyini görmüşlər. Yaxınlaşıb onlara gecə vaxtı olduğunu, səs-küy salaraq ətrafdakı şəxsləri narahat etmələrinin yolverilməz olduğunu bildirmişlər. Hüseynin və Mətləbin hər ikisinin aşkar surətdə sərxoş olduqları müəyyən edilmişdir. Bu zaman Hüseyn bir kənarda sakit dayansa da Şəxs onların və taksi sürücüsünün ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onu sakitləşdirmək mümkün olmadığından ekipaj avtomobili çağıraraq hadisə yerindəki şəxsləri polis idarəsinə aparmaq istəmişlər. Hüseyn sakitcə keçib avtomobildə əyləşmiş, Mətləb isə onlara müqavimət göstərərək əl-qol atmış, polis avtomobilinə vuraraq əyləşməkdən imtina etmişdir. Məcburiyyət qarşısında ona fiziki güc və gözyaşardıcı qaz tətbiq edildikdən sonra Mətləbi avtomobilə əyləşdirmək mümkün olmuşdur. Mətləb sərxoşluq vəziyyətinin müayinəsindən də imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post Patrul Xidməti əməkdaşı X5 digər şahid X4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 17 may 2021-ci il tarixdə Şəxs sərxoşluğun müayinəsindən imtina etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 17 may 2021-ci il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan sərxoş vəziyyətdə ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmədən şübhə doğurmayan və bir-biri ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunmuşdur. Şəxs sərxoşluğun müayinəsindən imtina etsə də onun sərxoş vəziyyətdə olması özünün və şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 17 may 2021-ci il saat 04:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar