Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-358/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 17.05.2021-ci il tarixdə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, həmkəndlisi Mətləb ilə birlikdə 16.05.2021-ci il tarixdə işləmək üçün Gəncə şəhərinə gəlmişlər. İşlərini qurtardıqdan sonra yeyib-içmək üçün Gəncə hava limanının yaxınlığındakı kafeyə getmişlər. Burada iki nəfərə bir litr araq içdikdən sonra oradan çıxmış və taksi çağırmışlar. Taksini gedəcəkləri ünvana qədər 8 manata danışmışlar. Onlar ünvana çatdıqdan sonra dostu M.Ələkbərova özündə 3 manat olduğunu onun da 5 manat qoyub taksi sürücüsünə verməsini istəmişdir. Mətləb taksi sürücüsünə pul verməyəcəyini deyib mübahisə etməyə başlamış, o isə Mətləbdən xahiş etmişdir ki, taksinin pulunu düzəldib versinlər. Bu zaman onların səsinə polis əməkdaşları gəlmiş və taksi sürücüsünün pulunu verib yola salmalarını, səs-küy yaratmamalarını tələb etmişdir. Onun üstündə başqa pul olmadığı üçün təkbaşına taksi sürücüsünün pulunu verə bilməmişdir. Mətləb isə polis əməkdaşları ilə də mübahisə yaradaraq səs-küy salmaqda davam etmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə aparmaq istəmiş, o, sakitcə keçib polis avtomobilində əyləşmişdir. Mətləb isə polis avtomobilinə əyləşməkdən imtina etmişdir. O, həmin vaxt sərxoş vəziyyətdə olsa da səs-küy salmamış, polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, taksi sürücüsü işləyir. 17.05.2021-ci il tarixdə saat 03 radələrində Gəncə hava limanının yaxınlığında 3 nəfər sərxoş vəziyyətdə olan şəxs ona yaxınlaşıb onları Gəncə univermağının qarşısına aparmaq üçün nə qədər pul alacağını ondan soruşmuşdur. O da 7 manata apara biləcəyini demiş, bir müddət sövdələşdikdən sora 7 manata razılaşaraq həmin üç nəfər onun avtomobilinə əyləmişdir. Mətləb Ələkbərov ön oturacaqda, Şəxs və adını bilmədiyi digər sərnişin isə arxa oturacaqda oturmuşdur. Üçüncü sərnişin Gəncə şəhəri Məhsəti qəsəbəsinin qarşısında avtomobildən düşmüş, digər sərnişinləri isə univermağın qarşısına gətirmişdir. Bu zaman Mətləb ona Muxtar Hacıyev küçəsində düşəcəklərini demiş, o isə univermağa qədər danışdıqlarını, Muxtar Hacıyev küçəsinə sürməsi üçün əlavə 1 manat ödəməli olduqlarını bildirmişdir. Razılaşdıqdan sonra onları Muxtar Hacıyev küçəsində dedikləri yerə gətirmişdir. Avtomobildən düşdükdən sonra Şəxs cibindən 3 manat pul çıxararaq Mətləb Ələkbərova 5 manat da onun verməsini demişdir. Mətləb isə ona çıxarıb bir manat uzadaraq “bir manat bəsindir, götür çıx get” demişdir. O isə 8 manata danışdıqlarını, pulunu ödəməli olduqlarını bildirmişdir. Bu zaman Mətləb Ələkbərov onunla mübahisə etmiş və söyüş söyməyə başlamışdır. Səs-küyə iki nəfər polis əməkdaşı yaxınlaşmış və mübahisənin səbəbini aydınlaşdırdıqdan sonra Hüseyn və Mətləbə pulu ödəməli olduqlarını bildirmişdir. Hüseyn sakitcə üç manatının olduğunu, başqa pulunun olmadığını demiş, Mətləb isə yenə də həm onun, həm də polis əməkdaşlarının ünvanına söyüşlər söyərək pulu ödəməyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobil çağıraraq onları polis idarəsinə aparmaq istəmiş, Hüseyn sakitcə keçib avtomobildə əyləşsə də Mətləb polis əməkdaşlarına müqavimət göstərərək avtomobilə oturmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post Patrul Xidməti əməkdaşı X4 bildirdi ki, 17 may 2021-ci il tarixdə gecə saat 04 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində X5 ilə birlikdə piyada xidmət aparan zaman səs-küy gəldiyini eşidib, hadisə yerinə yaxınlaşdıqda sonradan adlarının Şəxs və Mətləb Ələkbərov olduqlarını bildiyi iki nəfər şəxsin bir nəfər taksi sürücüsü ilə mübahisə etdiyini və onun pulunu vemək istəmədiyini görmüşlər. Yaxınlaşıb onlara gecə vaxtı olduğunu, səs-küy salaraq ətrafdakı şəxsləri narahat etmələrinin yolverilməz olduğunu bildirmişlər. Bu zaman Hüseyn bir kənarda sakit dayansa da Mətləb Ələkbərov onların və taksi sürücüsünün ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onu sakitləşdirmək mümkün olmadığından ekipaj avtomobili çağıraraq hadisə yerindəki şəxsləri polis idarəsinə aparmaq istəmişlər. Hüseyn sakitcə keçib avtomobildə əyləşmiş, Mətləb isə onlara müqavimət göstərərək əl-qol atmış, polis avtomobilinə vuraraq əyləşməkdən imtina etmişdir. Məcburiyyət qarşısında ona fiziki güc və gözyaşardıcı qaz tətbiq edildikdən sonra Mətləbi avtomobilə əyləşdirmək mümkün olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin və şahidlərin ifadəsindən də göründüyü kimi Şəxs 16.05.2021-ci il tarixdə gecə saatlarında sərxoş vəziyyətdə həmkəndlisi Mətləb Ələkbərov ilə birlikdə taksi ilə Gəncə hava limanının yaxınlığından Gəncə şəhəri M.Hacıyev küçəsinə gəlmiş, avtomobildən düşdükdən sonra Mətləb Ələkbərov ilə taksi sürücüsü arasında qiymət barəsində mübahisə yaranmışdır. Lakin bu zaman Şəxs səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Hadisə yerinə gələn polis əməkdaşlarının tələbi ilə Kəpəz RPİ-yə gəlmişdir. Göstərilənlər Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibinin olmadığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-358/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-358/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver