Məhkəmə qərarları › İş №3(043)-359/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-359/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-359/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi,1-ci döngə, ev 10-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 aprel 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 17 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixə keçən gecə vətəndaş Zərərçəkmiş şəxs yaşadığı binanın yaxınlığında saxladığı avtomaşından 87 manat dəyərində olan akumlyatoru oğurlamışdır. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Pul ehtiyacı olduğu üçün 18.04.2022-ci il tarixdə təxminən 01:00 radələrində Gəncə şəhəri, 1-ci mikrorayon, 3 saylı binanın qarşısında dayanmış VAZ-2106 markalı avtomobilin akkumulyatorunu gizli yola oğurlamış və özü ilə evə aparmışdır. Daha sonra akkumulyatoru tanımadığı şəxsə 20 manata satmışdır. O, törətdiyi oğurluq əməlindən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 18.04.2022-ci il tarixdə səhər saaat 08:30 radələrində yaşadığı binanın qarşısında saxladığı avtomaşını işə salmaq istəyərkən avtomobilin kapotunun yarımçıq vəziyyətdə açıq olduğunu və və orada olan 1 ədəd akumlyatorun yerində olmadığını aşkar etmişdir. Daha sonra bu barədə polisə müraciət etmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödədiyi üçün onunla barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısının 19.04.2022-ci il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus avtomobilin 1 ədəd akkumulyatorun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 18 aprel 2022-ci il tarixdə 18:00-da inzibati qaydada tutulmuşdur. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar