Məhkəmə qərarları › İş №3(043)-36/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-36/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-36/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, zərərçəkmiş şəxsin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakları ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 10 yanvar 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 izahat verərək bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2490/2017 saylı, 27 aprel 2017-ci il tarixli icra sənədinə əsasən borclu X8 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq 01.05.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra borclu idarəyə çağırılmış və aliment borcu ödənilməsi tələb edilmiş, lakin borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Borclu 2019-cu ilin aprel ayında ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi üçün aliment borcunu ödəmiş, lakin həmin tarixdən sonra heç bir ödəniş etməmişdir. Nəticədə borclunun 3960 manat aliment borcu yaranmışdır. X11 heç bir üzrlü səbəb göstərmədən alimenti ödəməkdən yayınaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Buna görə də X7 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən heç vaxt qəsdən boyun qaçırmamışdır. O, artıq uzun müddətdir ki, işləyə bilmir. İmkanı olduqca da aliment borcunu ödəmək niyyətindədir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirdi ki, borclu X11 aliment borcunu ödəməkdən qəsdən yayınır. Tələbkar heç bir yerdə işləmir, uşaqların saxlanılmasında çətinlik çəkir, anası uşaqların saxlanılmasında ona köməklik edir. Borclu sonuncu dəfə 2019-cu ildə Türkiyə Respublikasına gedərkən məcbur olub ödəniş etmişdir. Tələbkar dəfələrlə E.Abbasovdan alimentin ödənilməsini tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir və qərəzli olaraq uzun müddətdir ki, bir manat da olsun aliment ödəmir. Buna görə də borclu X7 məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2490/2017 nömrəli, 27.04.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 02.03.2017-ci il tarixdən başlayaraq X5 16.10.2010-cu ildə anadan olmuş Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul mələğində alimentin tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 03.05.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu X9 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2490/2017 nömrəli, 27.04.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, X9 icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, X3 şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2490/2017 nömrəli, 27.04.2017-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. X11 2019-cu ilin aprel ayından sonra icra sənədi üzrə heç bir ödəniş etməmişdir. X7 iki ildən artıq müddətdə davamlı olaraq bir manat belə olsa aliment ödəməməsi hər hansı üzrlü səbəblə izah edilə bilməz. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. X7 hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X7 törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, E.Abbasovu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 10 yanvar 2022-ci il saat 15:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar