Məhkəmə qərarları › İş №3(043)-360/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-360/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-360/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər BPİ X4 Şöbəsinin polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ X4 Şöbəsinin polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 30 aprel 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materialına qeyd edilir ki, Şəxs 30.04.2021-ci il tarixdə saat 04:40 radələrində Gəncə şəhəri Kəpəz rayonunun inzibati ərazisində “Vaz-21074” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, 24.02.2021-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Vaz-21074” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə təhlükəli manevr hərəkətləri etməsi Gəncə şəhəri Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin kameraları vasitəsilə qeydə alınmışdır. Həmin nəqliyyat vasitəsinin və sürücüsünün müəyyən edilməsi istiqamətində tərəflərindən araşdırma aparılmış, nəqliyyat vasitəsi və onun sürücüsü Şəxs aşkar edilərək izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onu məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirdi ki, həqiqətən də o, “VAZ-21074” markalı, **-KB- *** dövlət qeydiyyat nişanlı avtomobili BD 102048 saylı sürücülük vəsiqəsi ilə idarə edir. Hadisə 30.04.2021-ci il tarixə saat 04:40 radələrində baş vermişdir. Qeyd etdiyi tarix və saatda Gəncə şəhəri, Atatürk prospekti ilə düzünə hərəkət edib Adilxan Ziyadxanov küçəsinin kəsişməsində işıqforda dayanmış, həmin vaxt eyni istiqamətdə VAZ-2107 markalı **-DR-*** nömrəli avtomobil də gəlib dayanmış, daha sonra işıqforun yaşıl işığı yandıqdan sonra sürət yarışına başlamışlar. O ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkəti qaydalarını qərəzli şəkildə müxtəlif üsullarla davamlı olaraq pozmaqla avtoxuliqanlıq etmişdir. Hazırda etdiyi əməlindən peşman olduğunu və bir daha bu cür hərəkətlərin təkrarlanmayacağını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, **-KB-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin sürücüsü “VAZ-2107” markalı **-OR-*** nömrəli avtomobilin sürücüsü ilə Gəncə şəhəri, Atatürk prospekti ilə A.Ziyadxanov küçəsinin kəsişməsində yerləşən işiqfordan başlayaraq sürət yarışı həyata keçirirlər. Bu zaman **-KB-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxır, dönmə əməliyyatı zamanı avtomobilin sürətini azaltmadan döngəyə daxil olaraq avtomobilin idarəetməsini itirir və yenidən əks istiqamətli hərəkət zolağına çıxır. Sürücü iki nəqliyyat vasitəsinin iştirakı ilə aşkar surətdə sürət yarışı təşkil etməklə bir-birinin ardınca bir neçə qayda pozuntusuna yol verir və aşkar surətdə həmin hərəkətlərin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa yönəldiyi və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi bəlli olur. Şəxs İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 18 may 2021-ci il saat 17:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar