Məhkəmə qərarları › İş №3(043)-366/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-366/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-366/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X1 iclas katibliyi ilə, “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-0443/22 nömrəli, 15.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 16.03.2022-ci il tarixli 34/012/002212 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 06CVR545 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “detonasiya kapsulları və nümunə üçün uzaqdan idarəetməli pult” yükü 15.03.2022-ci il tarixli **********7466 və **********7549 saylı gömrük bəyannamələri tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 06CVR545 nömrə nişanlı yük nəqliyyat vasitəsilə idxal edilən yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 18.03.2022-ci il tarixdə, 11000-0443/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində izahat verən, “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X3 idxal olunan “detonasiya kapsulları və nümunə üçün uzaqdan idarəetməli pult” yükünə dair qısa idxal gömrük bəyannaməsinin tərtib edilib verilməməsinin səbəbinin Türkiyə Respublikasında yerləşən şirkətin yüklə bağlı sənədləri nümayəndəliyə vaxtında göndərməməsi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə Azərbaycan Respublikası “X9 Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, işə “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 06.01.2022-ci il tarixli raportdan görünür ki, “X9 Sanayi və Ticarət Anonim Şirkəti” (VÖEN **********) ünvanına 06CVR545 nömrəli avtomaşında daxil olan yük üçün 15 03.2022-ci il tarixində **********7466, **********7549 saylı gömrük bəyannamələri tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin, sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru X2 və inspektor X4 tərəfindən müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq “X9 Sanayi və Ticarət Anonim Şirkəti” tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, “X9 Sanayi və Ticarət Anonim Şirkətinin” nümayəndəsi Aydın Əliyev təmsil etdiyi hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan xətaya yol verdiyini etiraf edərək bir daha belə hallara yol verilməyəcəyini və həmin maddədə nəzərdə tutulan cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 06CVR545 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “detonasiya kapsulları və nümunə üçün uzaqdan idarəetməli pult” yükü 15.03.2022-ci il tarixli **********7466 və **********7549 saylı gömrük bəyannamələri tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “X9 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 06CVR545 nömrə nişanlı yük nəqliyyat vasitəsilə idxal edilən yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla da, “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: “X9 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar