Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-368/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 521-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 521-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 25.04.2022-ci il tarixdə saat 04-05 radələrində ictimai qaydanı pozmuş və vətəndaşların narahatlığına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ 2-ci Polis Şöbəsinin polis sahə rəisi X2 bildirdi ki, Şəxs 25.04.2022-ci il tarixdə saat 04-05 radələrində Gəncə şəhəri, F.Əmirov küçəsi, 36 saylı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin balkonuna çıxaraq ucadan səs-küy salaraq ətrafdakı şəxslərin diqqətini cəlb etməklə intihar edəcəyini bildirmiş, gecə saatlarında əhalinin dincliyini və ictimai qaydanı pozmuş, hadisə yerinə gələn Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən balkondan endirilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirdi ki, 25 aprel 2022-ci il tarixdə tanışı Günay gecə onu çağırmış və o da onlara getmişdir. Onlar həyətdə söhbət edən zaman Günayın anası onları evə çağırmış, onlar da evə getmişlər. Bundan sonra Günayın anası ona əgər qızından ayrılsa qızını zorladığını deyib onu tutduracağını demişdir. Daha sonra Günayın anası mənzilin qapısını bağlamış, açarı gizlətmiş və polisə zəng vurmuşdur. O da qorxduğu üçün balkona çıxmış, intihar etmək fikri olmamış, balkondan yandakı boş mənzilə keçib uzaqlaşmaq istəmişdir. Lakin balkondan keçə bilməmiş və orada qalmışdır. Daha sonra polis və FHN-nin əməkdaşları gəlmiş və onu tutub şöbəyə gətirmişlər. Ona görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozmuş, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində İXM-in 521-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. İXM-in 521-ci maddəsi ilə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə məsuliyyət müəyyən edilir. Şəxs barəsində tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən isə Şəxs İXM-in 521-ci maddəsinin dispozisiyasında inzibati xətanın obyektiv cəhətinin əlamətləri kimi nəzərdə tutulmuş hərəkətləri törətmədiyi, əksinə ümumi qəbul edilmiş davranış qaydalarını pozmaqla əhalinin dincliyini pozmağa yönəlmiş hərəkətləri qəsdən etməklə ictimai qaydanı pozduğu müəyyən edilir. Beləliklə Şəxs əməlində İXM-in 521-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işə həmin hissədə xitam verilməli, o, İXM-in 510-cu maddəsi ilə təqsiri bilinib inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında işə həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-368/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-368/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver