Məhkəmə qərarları › İş №3(043)-371/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-371/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-371/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsinin polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 18.05.2021-ci il tarixdə saat 10:30-da sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “QAZ-3110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevretmə qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X4 bildirdi ki, Şəxs 18.05.2021-ci il tarixdə saat 10:30 radələrində Gəncə şəhəri, Nizami prospektində “QAZ-3110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Picanto” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı təqsirkar “QAZ-3110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmuşdur. Hadisə nəticəsində “Kia Picanto” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Müəyyən edilmişdir ki, Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Ona görə də Şəxs barəsində İXM-in 332.4-cü maddələri ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 18.05.2021-ci il tarixdə saat 10:30 radələrində “QAZ-3110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə hərəkətdə olan zaman fikri yayınmış və avtomobilin salonuna baxarkən başını qaldırdıqda idarə etdiyi avtomobilin yoldan çıxaraq yolun sağ çiynində dayanmış vəziyyətdə olan yolun “Kia Picanto” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getdiyini görmüşdür. Toqquşmanın qarşısını almaq üçün avtomobili sol çəkməyə çalışmış, lakin toqquşmadan tam yayına bilməmiş və Kia Picanto markalı avtomobilin sol arxa və yan tərəfindən vurmuşdur. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsini unutduğu üçün dəyişdirməmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Təqsirini qəbul edir və törətdiyi inzibati xətaya görə peşmandır. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, “Kia Picanto” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 18.05.2021-ci il tarixdə saat 10:30 radələrində Gəncə şəhəri, Nizami prospektində, Nizami Gəncəvi məqbərəsini bir qədər keçdikdən sonra yolun sağ kənarında avtomobili saxlayaraq, içərisində oturmuşdur. Həmin vaxt onunla eyni istiqamətdə arxada hərəkətdə olan “QAZ- 3110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sol qanadına dəyərək onunla toqquşmuş, lakin hadisə zamanı xəsarət almamışdır. Bununla belə avtomobilinə maddi zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” İstehsalat birliyinin “xxxx” Gəncə Müəssisəsindən verilmiş 18 may 2021-ci il tarixli 19k saylı rəydən görünür ki, “Kia Picanto” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 590 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, Şəxs verilmiş AB № 612434 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə 09.03.2011-ci il tarixdə verilmiş və etibarlılıq müddəti 09.03.2021-ci il tarixdə başa çatmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndinə əsasən şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs “QAZ-3110” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Gəncə şəhəri, Nizami prospektində hərəkətdə olarkən həmin prospektdə yolun sağ çiynində dayanmış X3 məxsus olan “Kia Picanto” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil sol arxa hissəsindən vurduğu və nəticədə avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqinni tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olduğundan o, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar