Məhkəmə qərarları › İş №3(043)-371/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-371/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-371/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş 21.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X8 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Gəncə şəhəri Z.Əliyeva küçəsində yerləşən Şəxs MMC-yə məxsus obyektə 21.04.2022-ci il tarixdə saat 12:00-da müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi aşkar edilmişdir. Bu əmələ görə X8 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüququ şəxsin nümayəndəsi X6 izahat verərək bildirdi ki, hüquqi şəxs tərəfindən tikinti aparılan sahədə reklam xarakterli lövhələr yerləşdirilsə də, sonradan açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı X8 İdarəsi ilə icazə müqaviləsi bağlanmış və qanunla müəyyən edilmiş məbləğdə rüsumlar ödənilmişdir. Odur ki, bu halın nəzərə alınaraq, hüquqi şəxsin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 12 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Bu əmələ görə X8 İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X8 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə” verilmiş, hüquqi şəxs tərəfindən bununla bağlı dövlət rüsumu və yayım haqqı X8 İdarəsinin bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, 21 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar