Məhkəmə qərarları › İş №3(043)-373/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-373/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-373/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz RPİ-nin İTB-in polis şöbəsinin sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, işləməyən, ikinci qrup əlil, Gəncə şəhəri, H.Əliyev prospekti- 89 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə tərtib edilmiş protokollar məhkəməyə təqdim edilmişdir. 20 may 2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 30.04.2021-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3-də yaşayan X2 məxsus saxlanc yerini qapısının qıfılını sındıraraq 1 ədəd 80 manat dəyərində velosipedi oğurlamışdır. 20 may 2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 21.04.2021-ci il tarixdə Gəncə şəhəri, Məmmədyarov küçəsində X4 “VAZ-2107” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 1 ədəd 45 manatlıq “Sony” markalı maqintafonu oğurlamışdır. 21 may 2021-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 13.05.2021-ci il tarixdə X7 məxsus **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 350 manat pulu oğurlamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz RPİ-nin İTB-in polis şöbəsinin sahə rəisi polis baş leytenantı X3 inzibati xəta haqqında protokollarda qeyd olunmuş əməllərin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, inzibati xəta haqqında protokollararda qeyd olunan əməlləri maddi imkanı olmaması səbəbindən törətmişdir. Lakin, bu əməllərinə görə peşmançılıq çəkir və bir daha belə əməllər törətməyəcəyinə söz verir. Onun ikinci qrup əlil olmasını nəzərə alınaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 11 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, X2 məxsus ümumi dəyəri 80 manat olmaqla, 1 velosipedin oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 30 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhəri, Poçt qəsəbəsi, Məmmədyarov küçəsində X5 məxsus “VAZ-2107” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən ümumi dəyəri 45 manat olan 1 ədəd “Sony” markalı maqintafonun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 21 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, X8 məxsus “Mitsubişi” markalı **-LN- *** dövlət qeydiyyat nişanlı avtomobildən 350 manat pulun oğurlanması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 19.05.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 19.05.2021-ci il saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri Kəpəz rayonu DSMF tərəfindən verilmiş 000885 nömrəli vəsiqədən görünür ki, Şəxs ikinci qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ictimai işlər tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında yalnız ictimai işlər və inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulduğundan, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar İXM-nin 28.4.1 və 30.2-ci maddələrinə əsasən onun barəsində həmin tənbeh tədbirlərini tətbiq etmək mümkün olmadığından, Şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-in 34-1-ci maddəsinə əsasən ona inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar