Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-379/2022 29.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin polis mayoru X1 21 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X2 şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin polis mayoru X1 21 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX əmkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev adına parkın qarşısında saxlanılaraq onun barəsində yol hərəkəti qaydalarının pozuntusuna görə doğru olmayan protokol tərtib edilmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən və ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 21.03.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, 20CK277 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, İmişli rayonu, Əzizbəyov küçəsi, ev 4 ünvanda qeydiyyatda olan X3 09.03.2022-ci il tarixdə saat 07:39-da Gəncə, Nizami 204 ərazisində yolların hərəkət hissələrinin işarələrinin tələblərinə riayət etmədiyindən görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə edilmişdir. Şikayət verilmiş qərarın 21 mart 2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq X3 qərarın qəbul edildiyi vaxtdan bir aydan artıq vaxt keçdikdən sonra, 29 aprel 2022-ci il tarixdə həmin qərardan şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə izah edir ki, şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 20 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Şikayətçi qərarın surətinin ona gec verilməsini təsdiq edən sənəd təqdim etməklə məhkəməyə müraciət edə bilər, yaxud şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürüldüyü halda həmin üzrlü səbəblərin olmasını təsdiq edən sənədləri əlavə etməklə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə qərarı qəbul etmiş orqana müraciət edə bilər. Məhkəmə eyni zamanda şikayətçinin diqqətinə ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qaydaların çatdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edir ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Həmin Qərardan aydın göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalara dair işlər üzrə qərarlardan verilən şikayətlərə İXM-in 110.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, yəni inzibati xətanın törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalı olduğunu müəyyən etmiş, şikayət vermiş şəxsin vəsatətinə əsasən şikayətə onun yaşayış yeri üzrə baxılmasının mümkünlüyü də təsbit edilmişdir. Şəxsin vəsatətinə əsasən şikayətə onun yaşayış yeri üzrə baxılmasının mümkünlüyü şəxsə birbaşa öz yaşayış yeri üzrə məhkəməyə şikayət vermək hüququ vermir. Şəxs ilkin olaraq aidiyyəti məhkəməyə müraciət etməli, şikayətə öz yaşayış yeri üzrə baxılması barədə vəsatəti isə həmin məhkəmənin qarşısında qaldırmalıdır. Məhkəmə işin hallarına görə şikayətə şəxsin yaşayış yeri üzrə baxılmasını mümkün hesab edərsə işi baxılması üçün həmin məhkəməyə göndərə bilər. Şikayətdən və qərardan göründüyü kimi inzibati xəta hadisəsinin olduğu yer Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid edilmiş ərazidir. Buna görə də şikayətçiyə müvafiq çatışmazlıqları aradan qaldırdıqdan sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməli olması da izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin polis mayoru X1 21 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-379/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-379/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver