Məhkəmə qərarları › İş №3(043)-380/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-380/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-380/2022 23.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X10 iştirakı ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş 25.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün 29.04.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması üçün səbəb və əsaslar olmuşdur. Belə ki, X4 şəhər prokurorluğuna müraciət edərək, Şəxs MMC-də əmək müqaviləsi olmadan çalışmasını və işlədiyi dövr ərzində əmək haqqı ala bilməməsini bildirmiş və ərizəsi əsasında qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Həmin məlumat 06.04.2022-ci il tarixdə “cinayət xarakterli materialların qeydiyyatı kitabında qeydə alınaraq araşdırmanın davam etdirilməsi Gəncə şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Aytac Ələsgərovaya həvalə edilmişdir. Aparılmış araşdırma zamanı X8, Şahid və X3 Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri xüsusatı əsasında araşdırma aparılmış və toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.04.2021-ci il tarixli qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Həmin material və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.04.2021-a il tarixli qərar nəzarət qaydasında öyrənilmiş və toplanmış material üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Belə ki, Şahid Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Gəncə şəhər prokurorunun nümayəndəsi məhkəməyə gəlməmiş və ondan məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən işə prokurorun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Gəncə şəhər prokurorunun nümayəndəsi X6 inzibati xəta haqqında toplanmış materiallarla hüquqi şəxsin təqsirinin sübuta yetirildiyini bildirib hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin direktoru X15 özünü inzibati xətanın törədilməsində təsirli bilərək, izahatında bildirdi ki, o, "xxxx"-nin təsisçisi və rəhbəridir. Şirkət Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən binaların qaz təchizatı xətlərinin çəkilməsi işləri ilə məşğul olur. Buna uyğun olaraq şirkətə maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması üçün lisenziya (icazə) verilmişdir. Özündən başqa "xxxx"-də 3 nəfər işçisi vardır. X13 da 2022-ci ilin yanvar ayından onun işçisidir. X13 ilə “Yunisoğlu MMC-nin arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsində X11 aylıq 300 manat əmək haqqı, gündəlik çörək pulu isə 7 manat ödəniş nəzərdə tutulmuşdur. X13 "xxxx"-də işlədiyi müddət ərzində əmək haqqını tam şəkildə almışdır. Ona heç bir borcu yoxdur. Şahid isə əmək müqaviləsi olmadan "xxxx"-də çalışmışdır. MMC-də qaynaqçı işləyən şəxs səhhəti ilə əlaqədar işə çıxa bilmədiyindən onun əvəzinə qaynaq işlərinin görülməsi üçün Şahid işləməyə cəlb etmiş və 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının əvvəllərinə kimi Şahid qaynaqçı kimi fəaliyyət göstərmişdir. O, Şahid şifahi danışığı və razılığı əsasında əmək müqaviləsi olmadan işə götürmüşdür. X5 isə tanımamış və işə götürməmişdir. X1 Namiq Nəsir oğlunun tanışı olmuş, Şahid X5 öz yanına ona kömək etməsi üçün öz aralarındakı razılıq əsasında gətirmişdir. Şahid ilə şifahi razılığına əsasən isə bir mənzilə ana xətt vasitəsilə qaz xətti çəkməsinə görə 10 manat əmək haqqı veriləcəkdi. Onun Şahid 400 manat borcu vardır. Həmin 400 manat əmək haqqı isə Şahid ilə aralarındakı razılığa əsasən bütün binanın işi tam təhvil verildikdən sonra ödəniləcəkdi, çünki binanın qaz təchizatı tamamilə hazır olduqdan sonra qaz idarəsi tərəfindən binaya qaz verilir. Yalnız bundan sonra mənzillərə çəkilmiş qaz xətlərinin nasaz olub olmaması, qaz buraxıb buraxmaması müəyyən edilir. Bu səbəbdən Şahid 400 manat əmək haqqı borcu qalmışdır və iş tamamilə yekunlaşdıqdan sonra ona 400 manat əmək haqqı ödəniləcəkdi. O, müddətli əmək müqaviləsi bağlamağın mümkün olduğunu bilməmiş, buna görə də Şahid müvəqqəti cəlb etdiyi üçün onunla müqavilə bağlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirdi ki, o, qaynaqçı işləyərək ailəsini dolandırır. 2021-ci ilin oktyabr ayının sonlarında qonşusu ona MİDA-nın inşa etdiyi binalarda qaynaqçı axtardıqlarını demişdir. O, X15 ilə razılaşaraq Gəncə şəhərində yerləşən MİDA tərəfindən inşa edilən sosial evlərdə əmək müqaviləsi olmadan onunla arasında olan şifahi razılığa əsasən 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının əvvəllərinə qədər işləmişdir. X15 onun əmək haqqının bir hissəsini verməmişdir. X2 da bir iki dəfə onun yanına gələrək ona kömək etmişdir. Lakin X2nun Gəncə şəhərində yerləşən evlərdə işləməsi ilə bağlı MMC-nin direktoru X15 ilə aralarında hər hansı razılıq olmamışdır. X22 maddi vəziyyəti çox acınacaqlı olduğu üçün yalnız bir neçə dəfə onun yanına gələrək ona kömək etmişdir və o da bunun müqabilində X10 ona verdiyi əmək haqqından X22a bir miqdar vermişdir. O, əmək müqaviləsi və xidmət müqaviləsi olmadan çalışmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin direktorunun izahatını və şahidin ifadəsini dinləyib, daxil olmuş inzibati xəta haqqında sənədləri araşdıraraq qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətindən daxil olmuş 11 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Şahid adına Şəxs MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İnzibati xəta haqqında araşdırma zamanı müəyyən edilmişdir ki, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına görə 089604 saylı lisenziyası olan Şəxs MMC Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi binalarda qaz təchizatı xətlərinin çəkilməsi işi ilə məşğul olmuşdur. Şahid 2021-ci ilin noyabrından 2022-ci ilin mart ayınadək qaz xətlərinin çəkilməsi üçün qaynaqçı kimi faktiki olaraq işlərin görülməsinə cəlb edilmiş, faktiki əmək münasibətlərində iştirak etməsinə baxmayaraq Yunisoğlu MMC ilə onun arasında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı münasibətlərin bilavasitə əmək münasibətləri olması şübhə doğurmur və bu münasibətlərin mülki hüquqi müqavilə növlərindən biri olan podrat müqaviləsi kimi nəzərə alınması istisna olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2.4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi Şəxs MMC-nin əsas fəaliyyət sahəsi qaz təchizatı xətlərinin çəkilməsi olmuş və Şahid da bilavasitə bu işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna baxmayaraq Şəxs MMC ilə Şahid arasında əmək müqaviləsi bağlanmamışdır. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır və hüquqi şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs MMC törədilmiş inzibati xətaya görə məsuliyyət müəyyən edən İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimənin aşağı həddində tənbeh edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48-51, 54, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (ünvan: Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 1-ci döngə, ev 43, VÖEN – **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar